GAMOH istefalara münasibətini açıqlayıb

GAMOH istefalara münasibətini açıqlayıb
# 18 mart 2013 11:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyəti təşkilatdan bir neçə şəxsin istefa etməsinə rəsmi münasibətini açıqlayıb. Qurumun İdarə Heyətinin üzvü, Türkiyədə yaşayan Ağrı Qaradağlı APA-ya açıqlamasında istefaları təşkilata qarşı təxribat adlandırıb: “GAMOH illərdir Güney Azərbaycanın qurtuluşu uğrunda fəaliyyət göstərməkdədir. Lakin GAMOH ardıcıl və tarixi nailiyyətlər qazandıqca, İran xüsusi xidmət orqanlarıyla birgə türk düşməni olan dövlətlər, təşkilatlar və qurumlar tərəfindən hücumlara, şantajlara və təxribatlara məruz qalır. Zaman-zaman GAMOH parçalandı, dağıldı və bitdi kimi yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Son istefa məsələsi də bu təxribatlardan biridir. Xüsusən də sosial şəbəkələrdə “GAMOH-dan toplu istefalar var” adı ilə məlumatlar yayırlar”.

A. Qaradağlı əlavə edib ki, İdarə Heyətinin 7 üzvündən 6-nın iştirakı ilə növbədənkənar toplantı keçirilib: “Yanlış təsəvvürlərin qarşısını almaq üçün GAMOH açıqlama vermək məcburiyyətində qaldı. Açıqlamada istefa edənlərlə bağlı da məlumat verilib. Onlardan biri, hazırda Bakıda yaşayan Hatəm Şahsevən heç vaxt GAMOH üzvü olmayıb. O, üzvü olmayan təşkilatdan istefa verə bilməz. Leyla Mola istefa ərizəsini təşkilata təqdim edib. Müraciəti ilə bağlı danışıqlar gedir, yəni hələlik istefa ilə bağlı bir nəticəyə varılmayıb. Aydın Qaraxanlı istefa ilə bağlı GAMOH-a müraciət etməyib. Hüseyn Təbrizli və Elyar Təbrizlinin müxtəlif vaxtlarda etdikləri xətalara görə onların təşkilatdan uzaqlaşdırlması ilə bağlı İdarə Heyətində qərar qəbul edilib. Bundan xəbər tutaraq, özləri istefa etdiklərini açıqlayıblar. Ərsalan Kamrani GAMOH-un sıravi üzvüdür. Onun da xətalarına görə təşkilatdan çıxarılması gündəmdə olsa da, siyasi sığınacaq məsələsinə görə belə bir addım atılmayıb. Finlandiyaya yerləşəndən sonra onun uzaqlaşdırılması qərarı verilib. Yəni gördüyünüz kimi, istefa açıqlaması əsassızdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR