Azərbaycanda aqrokimyəvi maddələrin istehsalı, idxalı və satışına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər müəyyənləşib

Azərbaycanda aqrokimyəvi maddələrin istehsalı, idxalı və satışına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər müəyyənləşib
# 10 oktyabr 2014 06:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlərin müəyyənləşməsi ilə bağlıdır.

Qərara əsasən bundan sonra bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına lisenziya verilməsi üçün ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olan istehsal sahələrinin, müasir texnoloji və texniki avadanlıqların və xüsusi nəqliyyat vasitələrinin olması barədə sənədlərin surəti, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların keyfiyyətinin standartlara və normalara uyğunluğunu yoxlamaq üçün ərizəçiyə məxsus akkreditasiyadan keçmiş laboratoriyanın mövcudluğu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatının və ya həmin tələblərə cavab verən laboratoriya ilə bağlanılmış müqavilənin surəti, malların saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi, istehsal zamanı yaranan toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti, həmin sahədə ən azı iki il iş təcrübəsi, ali və ya orta ixtisas təhsili (kimyaçı-texnoloq, aqronom) olan əmək müqaviləsi bağlanılmış işçilər barədə məlumat (təsdiqedici sənədlərin surətləri əlavə edilməklə), işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat təqdim edilməsi vacibdir.

Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalına lisenziya verilməsi üçün lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların satışadək müvəqqəti saxlanılması üçün anbarın (sahənin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti, saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi tələb olunacaq. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışına lisenziya verilməsi üçün malların satışının həyata keçirildiyi ünvanlar barədə məlumat, satış mərkəzlərinin (yerlərinin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti, satış mərkəzlərinin (yerlərinin) fitosanitar vəziyyəti barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi, satış zamanı yaranan toksiki tullantıların zərərsizləşdirilməsi ilə bağlı toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti, lisenziyalaşdırılan fəaliyyət növünün predmeti olan malların bilavasitə satışını həyata keçirən şəxslərin bu sahədə ən azı iki il iş təcrübəsinə və aqronomluq, bitki mühafizəsi, kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti təqdim edilməlidir. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin saxlanılmasına lisenziya verilməsi üçün isə anbarın ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olması barədə məlumatlar (təsdiqedici sənədlər əlavə edilməklə), anbarın yerləşdiyi ərazinin, onun əhatə etdiyi sahənin (yerin) planlarının və anbarın çertyojunun surətləri, anbara daxil olmağa icazə verilmiş işçilərin siyahısı və onlarla bağlanılmış əmək müqavilələrinin surəti, anbarın fitosanitar vəziyyəti barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi, həmin maddələrin daşınması üçün ərizəçinin xüsusi nəqliyyat vasitələrinin olması barədə məlumat (təsdiqedici sənədlər əlavə edilməklə), bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanılması ilə bilavasitə məşğul olan işçilərin aqronomluq, bitki mühafizəsi və kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinin olmasını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti və toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR