Prezident İlham Əliyev: “Azərbaycanın əhalisi artdıqca gücü də artır”

Prezident İlham Əliyev: “Azərbaycanın əhalisi artdıqca gücü də artır”
  • Clock-gray 01:08
  • calendar-gray 01 Yanvar 2020

Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. 

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi: “Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik”.

Prezident İlham Əliyev turizm sahəsində əldə edilmiş nailiyyətlərə də toxunub: “Bu il turizm sahəsində rekord il olmuşdur. Bizim apardığımız siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində bu il tarixdə ilk dəfə olaraq 3 milyondan artıq turist Azərbaycana səfər etmişdir”.

Bu il 10 milyonuncu vətəndaşın dünyaya gəldiyini deyən dövlət başçısı qeyd edib ki, bu,  böyük tarixi hadisədir: “Müstəqillik dövründə bizim əhalimiz 3 milyondan çox artmışdır. Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date