Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
  • Clock-gray 00:41
  • calendar-gray 01 Yanvar 2020

2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. 

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib.

Prezident İlham Əliyev bildirib ki, valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artıb və rekord həddə - 50 milyard dollara çatıb: “Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır”.

Azərbaycan Prezidenti əlavə edib ki, ölkəmiz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrilib: “Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək”.

Dövlət başçısının sözlərinə görə, şəffaflıq baxımından bu il çox uğurlu il olub: “Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, - əminəm, bu meyil gələn il də müşahidə olunacaq, - biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək.

Məcburi köçkünlərin problemləri həll olunur. Bu il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilmişdir. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikilmişdir. Bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date