Cəbrayılda mina partlaması nəticəsində 7 nəfər xəsarət alıb - YENİLƏNİB-3

Cəbrayılda mina partlaması nəticəsində 7 nəfər xəsarət alıb  - YENİLƏNİB-3
# 17 iyun 2022 12:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

***

12.16

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir. Xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

***

11.00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayılda minaya düşən əməkdaşının vəziyyəti barədə məlumat yayıb.

ANAMA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 17-də Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

10.30

Prokurorluq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşməsi barədə məlumat yayıb.

Cəbrayıl rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, iyunun 17-si saat 09 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

***

10.14

2022-ci il 17 iyun tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə APA-ya ANAMA-dan bildirilib.

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR