BDU-nun Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir

Bakı Dövlət Universiteti

© APA | Bakı Dövlət Universiteti

# 13 yanvar 2023 15:03 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərir.

Universitetdən APA-ya verilən xəbərə görə, fakültədə təşkil olunan elmi konfrans və seminarlarda, professor-müəllim heyətinin ekspert qismində fəaliyyətində, o cümlədən tədris prosesində hüquq elminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin irəli sürülməsi prioritet istiqamətlərdəndir. Bu məqsədlə Hüquq fakültəsinin Elmi Şurasının iclasında böyük aktuallıq kəsb edən və ictimai təhlükəliliyi ilə cəmiyyəti narahat edən ekosid və urbisid kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilib. Fakültə tərəfindən qüvvədə olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürülüb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın davam edən işğala son qoyub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16-cı (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri) törədilib. Lakin işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud deyil (ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2022-ci il tarixli müraciətində Azərbaycanın böyük ekoloji fəlakətlə, urbisidlə üzləşdiyi qeyd edilir.

Qeyd edilənləri nəzərə alaraq, Hüquq fakültəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə ekosid və urbisid əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanıb və Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilib.

Hüquq fakültəsi tərəfindən hazırlanmış təkliflər cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə və inkişafına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR