Azərbaycanın Britaniyadakı səfirliyi erməni səfirliyi qarşısında baş vermiş insidentə münasibət bildirib

Azərbaycanın Britaniyadakı səfirliyi erməni səfirliyi qarşısında baş vermiş insidentə münasibət bildirib
# 18 iyul 2020 02:57 (UTC +04:00)

Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatları ilə bağlı Londonda yaşayan azərbaycanlılar Ermənistanın Böyük Britaniyadakı səfirliyinin qarşısında dinc aksiya keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, mitinqdə təxminən 150 nəfər soydaşımız iştirak edib və onların bəziləri Britaniyanın digər şəhərlərindən sırf mitinqdə iştirak etmək üçün həmin gün Londona gəlib. Britaniyada yaşayan Türk icması da həmyerlilərimizə qoşulub. Mitinq zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycan himni oxunub.

Mitinqin baş verməsinə bir neçə dəqiqə qalmış aydın olub ki, aksiyadan hansısa formada xəbər tutan Ermənistan tərəfi də həmin məkanda əks mitinq planlaşdırıb. Qarşı tərəfin əks mitinqində təxminən 50 nəfər iştirak edib.

“Təəssüflər olsun ki, erməni tərəfi ənənəvi olaraq bu dəfə də azərbaycanlıların dinc aksiyası zamanı təxribatlara əl ataraq Azərbaycan əleyhinə təxribatçı hərəkətlərə yol verib. Sonradan qarşı tərəf zorakılığa da əl atıb. Qısa müddət davam edən qarşıdurma zamanı Mançester şəhərindən mitinqdə iştirak etmək üçün gələn soydaşımız Zaur Teymurov xəsarət alıb. Polisin müdaxiləsindən sonra qarşıdurma bitib, etiraz aksiyası davam etdirilib”, - deyə Azərbaycanın Britaniyadakı səfirliyinin yaydığı press-relizdə qeyd olunub.

“Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə erməni tərəfi ilə qarşıdurmada iştirak edən soydaşlarımızı səfirlikdə həmin gün qəbul edib və onlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbaycan dövləti adından təşəkkür edib. Səfir bildirib ki, ilk növbədə bir azərbaycanlı, daha sonra isə diplomat kimi həmvətənlərimizin cəsarətli addımlarını tamamilə dəstəkləyir və onların arxasında dayanır. Səfirlik olaraq mitinqdə iştirak edən soydaşlarımızı Ermənistan tərəfinin təxribatlara cəhd edəcəyi ilə bağlı xəbərdar etmişdik və onlara düşmənin təhrikedici davranışları qarşısında təmkinli olmağı tövsiyə etmişdik. Lakin elə hadisələr var ki, onlara yalnız əsl mərdlik və vətənpərvərlik yolu ilə cavab verilməlidir”, - deyə səfir T.Tağızadə bildirib.

Zəruri tibbi müdaxilənin təmin edilməsi üçün qarşıdurmada xəsarət alan Zaur Teymurov səfirlik əməkdaşı tərəfindən xəstəxanaya aparılıb. Tibbi müayinə nəticəsində əldə ediləcək müvafiq arayışın da erməni zorakılığının göstəricisi kimi Britaniya polisi və ictimaiyyətinə təqdim edilməsi nəzərdə tutulur.

T.Tağızadənin qərarı ilə bu gündən etibarən Britaniyadakı Azərbaycan səfirliyi 24 saatlıq növbəli iş rejiminə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR