"Məşədi Dadaş" məscidinin qarşısında tanışını öldürən şəxsin istintaqı başa çatıb

"Məşədi Dadaş" məscidinin qarşısında tanışını öldürən şəxsin istintaqı başa çatıb
# 27 noyabr 2021 10:09 (UTC +04:00)

"Məşədi Dadaş" məscidinin qarşısında qətl törətməkdə təqsirləndirilən Məhəmməd Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən "Məşədi Dadaş" məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il il təvəllüdlü Məhəmməd Rəhimov tərfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR