Elnur Aslanov: “Təəssüf ki, xaricdə təhsil alan tələbələrin bəziləri lazımi tələblərə cavab vermirlər”

Elnur Aslanov: “Təəssüf ki, xaricdə təhsil alan tələbələrin bəziləri lazımi tələblərə cavab vermirlər”
# 12 may 2012 14:18 (UTC +04:00)
Bakı-APA. “Bizim tələbələrin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları əsas məsələlərdən biridir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məsələsində tələbələrin üzərinə böyük məsulliyyət düşür.
E.Aslanov qeyd edib ki, prezident İlham Əliyevin imzaladığı proqramlar çərçivəsində bu gün təxminən 10 min gənc xaricdə təhsil alır: “Ötən il cənab Prezidentin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” qəbul edilməsi də dövlət başçısının gənclərə olan diqqətinin bariz nümunəsidir”.
Şöbə müdiri bu proqram əsasında bölgələrdə yeni iş yerlərinin açılması, peşə hazırlığı məktəblərinin təkmilləşdirilməsi kimi layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Həmçinin Gənclər Fondu yaradılıb və müxtəlif QHT-lərin, eləcə də təşəbbüskar gənclərin layihələrinin həyata keirilməsi üçün 5 milyon manat vəsait ayrılıb,gələcəkdə bu vəsaitin artırılması da gözlənilir”.
E.Aslanov müxtəlif sahələr üzrə xaricdə təhsil almaq üçün gənclərin müraciət etdiyini də deyib: “Azərbaycan hökümətinin prioreitet hesab etdiyi bir sıra sahərlə var ki, bura İKT, iqtisadiyyat, eyni zamanda riyazi elmlərlə , tibblə bağlı sahələr daxildir. Bununla yanaşı, humanitar sahələrlə bağlı da xarici ölkələrdə oxumaq üçün çoxlu sayda tələbə göndərilir. Əsas məqsədimiz Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasıdır”.
Şöbə müdiri gənclərin işlə təmin edilməsinin diqqət mərkəzində olduğunu deyib: “Hazırda Azərbaycanda 14-29 yaş arası təxminən 3 milyon gənc var. Qısa müddətdə onların hamısının işlə təmin olunması çətin məsələdir. Bununla belə gənclərin işlə təmin olunması üçün işlərimizi davam etdiririk”.

Şöbə müdiri xaricdə təhsil alan tələbələrin bəzilərinin lazımi tələblərə cavab vermədiklərini də qeyd edib: “Biz bundan təəssüflənirik. İstəyirik ki, xaricdə təhsil alan gənclərimiz fərqli düşüncə tərzinə yiyələnsinlər, bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz töhfələrini versinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR