Ballast sularının idarə edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə regional tədbir keçirilir

Ballast sularının idarə edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə regional tədbir keçirilir
# 09 iyul 2012 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) və Beynəlxalq Dəniz Təşkilatının (İMO) təşkilatçılığı ilə ballast sularının idarə edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə regional tədbir başlayıb. Bu barədə APA-ya ARDDA-dan məlumat verilib. Tədbirdə İMO ekspertləri ilə yanaşı, Xəzəryanı dövlətlər olan Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan nümayəndələr iştirak edir.

Tədbirin məqsədi beynəlxalq dəniz daşımaları zamanı dəniz ətraf mühitinin mühafizəsi, gəmilər tərəfindən dənizin çirklənməsinin qarşısının alınması, dəniz bioloji mühitinin qorunub saxlanılması və çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsinin aparılması və mövcud təcrübə bazasının təkmilləşdirilməsidir. Tədbirə Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Neft Donanması və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri qatılıb.

Açılış mərasimində çıxış edən ARDDA-nın rəis müavini Ehtiram Rəhimov Xəzər dənizində daşınmaların həyata keçirilməsi zamanı ballast sularının idarə edilməsi ilə bağlı beynəlxalq standartlarının yerinə yetirilməməsinin dənizin ekoloji mühitinə fəsadlar verə biləcəyindən danışıb.

Tədbir iyul ayının 11-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR