Təbii buzlarda Açıq Respublika Çempionatı keçirilib - FOTOSESSİYA

Təbii buzlarda Açıq Respublika Çempionatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 fevral 2012 06:59 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Açıq Respublika Çempionatının I turu - çətinlik mərhələsi başa çatıb. Federasiyadan APA-ya verilən məlumata görə, çempionatda Rusiya, Türkiyə və İran idmançıları iştirak da ediblər.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Bakıdan “A+A”, “Ekosport”, “Climb-club”, “Rock Stone”, “Meteor”, Bakı Dövlət Universitetinin “Extrem”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universiteti klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti klubu”, “İqtisad Universiteti klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain Bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” klublarının 90-a yaxın idmançısı, o cümlədən Azərbaycan Alpinizm Federasiyasının və Dağçılıq İdman Klubunun (DİK) idmançıları qüvvələri sınayıblar.
Əvvəlki illərdən fərqli olaraq bu il yarışa qatılan idmançıların sayının çox olmasından, yarış qaydaları Türkiyədən gəlmiş UİAA-nın beynəlxalq dərəcəli hakimi Murad Səlim Şirin tərəfindən beynəlxalq tələblər səviyyəsində qurulduğundan və hava şəraitinin sərt, şaxtalı olduğundan nəzərdə tutulan iki gün ərzində yalnız çempionatın təsnifat və I tur - çətinlik mərhələlərini tam keçirmək mümkün olub.
Yarışda İran idmançısı Məsud Zeynali 1-ci, Rusiya idmançısı Rəcəb Xızrıyev və FAİREX-in təmsilçisi Şinqayev Şirxan 2-ci, FAİREX-in təmsilçisi Şamil Qareyxanov və DİK-in idmançısı Əli Abdullayev isə 3-cü yer tutublar.
Çempionatın hakimlər kollegiyasının qərarı ilə yarışın II turu - sürət mərhələsi fevralın 18-19-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR