“Yeni Azərbaycan” qəzeti: Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır

“Yeni Azərbaycan” qəzeti: Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır
# 18 aprel 2012 16:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının təsisçisi olduğu eyni adlı mətbuat orqanının bugünkü sayında “ Almaniyanın anti-Azərbaycan kampaniyasında rəsmi izlər” adlı məqalə dərc edilib. APA-nın xəbərinə görə, məqalədə “Almaniyanın dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya” apardığı, rəsmi şəxslər, dövlət strukturları, media, QHT-nın bu prosesdə iştirak etdiyi vurğulanıb.
Bunun 2011-ci ildə ölkəmizin “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi ilə Azərbaycan əleyhinə olan qüvvələrin aktivləşdiyi və yarışmanın siyasiləşdirildiyi bildirilib.

“Hazırda Azərbaycana qarşı elan edilmiş “informasiya müharibəsi”nin təhlili göstərir ki, bu prosesin əsas faktorları ölkəmizdə siyasi-iqtisadi maraqları olan Qərbin müəyyən dairələri, Ermənistan və erməni lobbisi, islamafoblar və radikal müxalifətdir” deyə, qeyd olunan məqalədə “Eurovision” qələbəsindən sonra Böyük Britaniya mediasında Azərbaycana qarşı başlanmış kampaniyanın daha sonra Almaniyaya keçməsi və bunun yerli müxalifət tərəfindən dəstəklənməsi vurğulanıb.

Yazıda bildirilib ki, Almaniyanın Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlarının Azərbaycanda aktivləşməsi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri məsələnin arxasında daha ciddi məqamların olduğu barədə şübhələri gücləndirib.

Azərbaycanın Cənubi Qafqazın bloklara qoşulmayan, müstəqil siyasət yürüdəm yeganə ölkə olmasının Qərb dairələrində birmənalı qəbul olunmadığının vurğulandığı yazıda ölkəmizə təzyiq missiyasının Almaniyaya həvalə olunduğu bildirilib: “Sirr deyil ki, alman fondları ənənəvi olaraq AXCP və Müsavatla ciddi əlaqələrə malik olublar. Mətbuatda bu partiyaların maliyyələşməsində Fridrix Nauman Fondunun xüsusi rolu barədə dəfələrlə materiallar dərc olunub. Fondun Azərbaycan nümayəndəliyi Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, “İctimai Palata” adlanan qurumun Koordinasiya Şurasının üzvü Ərəstun Oruclunun nəzarətindədir. Vaxtilə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini olmuş Mixael Link Fridrix Nauman Fondunun xətti ilə Azərbaycanda keçirilən bütün tədbirlərdə fəal iştirakı ilə seçilib, məruzələrlə çıxış edib. Əli Kərimlinin yaxın ətrafının verdiyi məlumata görə, 2012-ci ilin yanvarında M.Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması barədə xəbər müxalifət düşərgəsində, xüsusilə də, AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Əli Kərimli M.Linki “dostumuz” adlandıraraq öz ətrafına bildirib ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Ə.Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. M.Link isə bu partiyanın fəallarındandır. Beləliklə, M.Linkin təyinatı bir tərəfdən fondun pul kisəsini daha geniş şəkildə AXCP-nin üzünə açır, digər tərəfdən də AXCP-nin Almaniya hökuməti və Azad Demokratlar Partiyası səviyyəsində dəstək almasına şərait yaradır”.

Yazıda Fridrix Nauman Fondunun 2012-ci ilin martında Tbilisidə keçirilən tədbirdə Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı ilə bağlı müzakirələr apardığı, təşkilatın Cənubi Qafqaz layihəsinin rəhbəri Yasimin Pamuk Azərbaycanı sərt tənqid etdiyi bildirilib: “ Hazırda Fridrix Nauman Fondu Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparır”.

Yazıda qeyd olunub ki, Almaniya Xristian Demokratik İttifaqının sədri və bu ölkənin kansleri Angela Merkelə yaxınlığı ilə seçilən Konrad Adenauer Fondunun Azərbaycan nümayəndəliyi rəsmən qeydiyyatdan keçməsə də, onun fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayıb: “Qurumun Azərbaycandakı təmsilçisi vaxtilə “Azadlıq” radiosunun əməkdaşı olub və Əli Kərimlinin yaxın adamı hesab edilir. Həmçinin, fondun Cənubi Qafqaz üzrə nümayəndəsi Canan Atılqan Əli Kərimli ilə daim əlaqə saxlayır və hər dəfə Bakıya gələndə onunla görüşür. Qeyd edək ki, C.Atılqan müntəzəm olaraq xaricdə keçirilən tədbirlərə Əli Kərimlini dəvət etməklə onun problemlərini beynəlxalq təşkilatlarda qabartmağa çalışır. Məsələnin maraqlı tərəfi isə Almaniyanın Azərbaycandakı səfiri H.Kvellenin bu prosesə qoşularaq Ə.Kərimliyə dəstək verməsidir. Bu ilin fevralında H.Kvelle ilə görüşən AXCP sədri yaxın ətrafına bildirib ki, səfir öz ölkəsinin Avropa İttifaqı və Avropa Şurasının Azərbaycana ciddi təzyiq göstərməsinə nail olacağını vəd edib”.

Məqalədə Almaniyanın Fridrix Ebert Fondu isə yalnız AXCP-yə yaxın təşkilatların layihələrinə maliyyə yardımı ayırmaqda ittiham olunub: “Alman fondlarının Azərbaycanda fəaliyyətinin təhlili onu deməyə əsas verir ki, bu qurumlar müxalifətin maliyyələşdirilməsi, müxtəlif tədbirlər və kampaniyalar vasitəsilə beynəlxalq aləmdə Azərbaycanla bağlı neqativ rəyin formalaşdırılmasında fəal rol oynayırlar. Onların Almaniyanın aparıcı siyasi dairələrinə yaxınlığını nəzərə aldıqda, son zamanlar fəallaşmanın əsasında hansı amillərin durduğu açıq görünür”.

Məqalədə Almaniyanın xarici işlər naziri Guido Vestervellin bu il martın 15-də Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə görüşündə Almaniyanın müxalifətə dəstək göstərməsi məsələsi ətrafında da fikir mübadiləsi aparıldığı da xəbər verilib.

Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq də “Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından biri” adlandırılıb: “Keçən ilin avqustunda Azərbaycana səfəri zamanı kəskin fikirləri ilə yadda qalan Löninq müxalifət nümayəndələri ilə görüşündə, bildirmişdi ki, “Almaniya Azərbaycanda dəyişikliklər etmək üçün sizə hər zaman kömək etməyə hazırdır”. Ombudsman bu xətti ardıcıl şəkildə davam etdirərək “Şpigel” jurnalında, Almaniyanın digər mətbuat orqanlarında sərt anti-Azərbaycan xarakterli materiallar dərc edir, müsahibələr verir”.

Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasserin, həmçinin bu ölkədəki Yaşıllar Partiyasının anti-Azərbaycan kampaniyasına qoşulduğu bildirilib: “Ermənipərəst mövqeyi ilə seçilən Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədr müavini Viola fon Kramon bu ilin əvvəllərində Almaniyada səfərdə olan Rəsul Quliyevlə görüşərək parlamentin və təmsil olunduğu partiyanın Azərbaycan müxalifətinə dəstəyi məsələsini müzakirə edib. Həmçinin, Kramon R. Quliyevin digər parlament nümayəndələri ilə görüşlərini də təşkil edib. Bu günlərdə Kramon, hətta, “Eurovision” mahnı müsabiqəsinin Bundestaqın gündəliyinə çıxarmaq niyyətini açıqlayıb. O, bildirib ki, Bundestaqın “Eurovision” müsabiqəsinin boykot edilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinə müraciət etməsinə nail olacaqlar”.
Yazıda daha bir məqama diqqət yetirilib: ““Neue Osnabrücker Zeitung” qəzetinin yazdığına görə, Almaniya hökuməti Yaşıllar partiyasının sorğusuna cavabında iddia edib ki, guya 2011-ci ildə Azərbaycanda 136 nəfərə işgəncə verilib, onlardan da 3 nəfəri dünyasını dəyişib. Almaniya hökuməti Azərbaycanın müvafiq strukturlarının və yaxud nüfuzlu beynəlxalq təşkilatların deyil, “etimad doğuran” mənbə kimi “İşgəncələrə qarşı Azərbaycan Komitəsi” adlı qurumun qondarma donosuna əsaslanaraq rəsmi müraciətlərə cavab verir. Bu, ən azından Almaniya-Azərbaycan münasibətlərinə hörmətsizlikdir. Bütün bu hallar bir daha təsdiq edir ki, bu gün Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır. Rəsmi şəxslər, dövlət strukturları, media, QHT-lər, bir sözlə, bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR