«Azər-Türk Bank»ın mənfəəti kəskin artıb

«Azər-Türk Bank»ın mənfəəti kəskin artıb
# 28 avqust 2012 12:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin 2012-ci ilin birinci yarısının mənfəəti keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 86% artaraq 723,86 min manata çatıb.

Bankın aktivləri 13% artaraq 64,6 mln. manata qədər yüksəlib. Bankın kredit portfeli illik müqayisədə 12% artaraq 41,012 mln. manat təşkil edib. Bankın mütəxəssisləri bildirirlər ki, kredit portfelinin artımı bankın kredit məhsulları üzrə tətbiq etdiyi aşağı faiz siyasətindən irəli gəlir. Belə ki, illik effektiv faiz dərəcələri 10-12%-dən çox deyil.

Kredit portfelinin artımı bankın ümumi gəlirlərinə də təsir göstərib ki, bu göstərici 15% artaraq 4,460 mln. manata çatıb. O cümlədən, faiz və komissiya gəlirlərinin artımı müvafiq olaraq 14% və 19% təşkil edib.

Qeyd edək ki, «Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit», «Ziraat Bank İnternational AG» və «Turanbank»dır. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR