Sentyabrdan İran Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq

Sentyabrdan İran Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq
# 05 avqust 2016 12:37 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. İran gələn aydan Ermənistana ixrac etdiyi qaz həcmini azaldacaq.

Bunu APA-nın İran bürosuna açıqlamasında İranın neft nazirinin müavini və milli qaz şirkətinin baş direktoru Həmidrza İraqi İran və Ermənistanın yeni qaz müzakirələri və bəzi xəbər saytlarında yayımlanan xəbərlərə münasibət bildirərkən deyib.

H. İraqinin sözlərinə görə, ötən ay Ermənistan daha çox qaza ehtiyacı olduğunu elan edib. “Bizim də Ermənistana daha çox qaz vermək imkanımız olduğu üçün onların təklifini qəbul etdik və ixracatı artırdıq. Gələn aydan isə Ermənistana qaz ixracı həcmini azaldacağıq. Ona görə ki, bizim onlara qaz ixracı və onlardan elektrik enerjisi almağımıza dair müqavilədə müəyyən miqdar göstərilib və bu miqdarı tənzimləmək üçün gələn aydan Ermənistana ixrac edəcəyimiz qazın həcmini azaldacağıq”, - deyə H. İraqi qeyd edib.

H. İraqi Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satılması məsələsinə də toxunub və bildirib ki, bu iş İranın özəl bir şirkəti tərəfindən həyata keçiriləcək: “Bu, Azərbaycan və İran hökumətlərinə bağlı deyil. Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana satışı İranın özəl bir şirkəti tərəfindən təklif olunub. Bu şirkət Türkmənistandan qazı alıb və bizə təhvil vermək istəyir ki, biz də bu qazı Azərbaycana sataq. Bu təkliflə bağlı biz razılığımızı bildirmişik və hazırda bu məsələni müzakirə edirik”.

H. İraqi Azərbaycan və İran arasında qaz mübadiləsinin davamlı olaraq həyata keçirildiyini vurğulayıb: “Azərbaycan və İran hazırda qaz mübadiləsini həyata keçirir. Biz qazı Azərbaycandan alıb Naxçıvanda təhvil veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR