Azərbaycanda “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycanda “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb
# 09 oktyabr 2014 09:40 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanununun layihəsi hazırlanıb.

APA-Economics”in xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

“Bununla yanaşı, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir”, - deyə nazir qeyd edib.

Nazir xatırladıb ki, kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən qayğının təzahürü olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50%-dən 70%-dək artırılıb.

S. Şərifov qeyd edib ki, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən cari ildə verilmiş 32 mln. manat vəsaitlə yanaşı, prezidentinin ehtiyat fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 mln. manat vəsait ayrılıb.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün cari ildə 105 mln. manat vəsait sərf edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% və yaxud 3 mln. manat çox deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR