Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb

Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
# 20 noyabr 2017 08:04 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın 2017-ci ilin yanvar-oktyabr ayları üçün növbəti sayı təqdim olunub.


Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1,219 mln. dollar həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23%-dən çox artıb. Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 mln. dollar dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 mln. dollar), İsveçrə (115 mln. dollar), Gürcüstan (108 mln. dollar) və Türkmənistan (48 mln. dollar) bölüşür.

2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat) 131,5 mln. dollar ilə tutub. İkinci yerdə qızıl (98,5 mln. dollar) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88,6 mln. dollar) dayanır.

Cari ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə 475 subyekt tərəfindən 149,6 mln. dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib. Oktyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, xurma, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium və s. olub. Oktyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 26,6 mln. dollar, xurmanın ixracının dəyəri 21,6 mln. dollar, qızılın ixracının dəyəri 17,2 mln. dollar təşkil edib.

"İxrac icmalı"nın bu sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 10 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda "Azerbaijan International Mining Company Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi, "Baku Steel Company" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Sun Food" MMC, "MKT İstehsalat Kommersiya" MMC, Talıbov Zabil Ocaqverdi oğlu, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "VN Food Export Import Company" MMC, "CTS-Agro" MMC və "Food Export Şəmkir" MMC təmsil olunur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi", "Det-al Alüminium" MMC, "AzerGold" QSC, "Azərenerji" ASC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, SOCAR-ın "Geofizika və Geologiya İdarəsi", "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC, "Naxçıvan MR Dövlət Energetika Agentliyi" və "Azərbaycan Dəmir Yolları" QSC təmsil olunurlar.

"İxrac icmalı"nda 2017-ci ilin 10 ayı ərzində "Azexport" (www.azexport.az) portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 10 ay ərzində dünyanın 66 ölkəsindən 397,3 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.

"Azexport" portalına 2017-ci ilin oktyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,5 mln. dollar təşkil edib. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19,2 %) ilə yanaşı, Türkiyənin (6%), Ukraynanın (5,7%), Hindistanın (4,8%) və ABŞ-ın (4,2%) adı vardır. Oktyabr ayında İsrail, Myanma kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, oktyabr ayında ən çox ixrac sifarişi nar şirəsi, konservləşdirilmiş tərəvəzlər, kosmetik vasitələr, şərab, alma, armud, nar, xurma, pomidor, sarımsaq, kələm, çay, qənnadı məhsulları, günəş paneli, tütün, biyan kökü, meyvə qurusu, ipək xalça, cemlər, boya, tibbi spirt, şəkər tozu və s. mallar daxil olub. Oktyabr ayında Rusiyadan daxil olan sifarişlərdə artım müşahidə olunub.

Həmçinin "İxrac icmalı"nda "Azexport" portalı sahibkarlara yeni xidmət təklif etməsi, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə Rusiyaya, Türkiyəyə, BƏƏ və digər ölkələrə reallaşdırılan ixrac, Şanxaya və Sankt-Peterburq şəhərlərinə həyata keçirilən ixrac missiyası, Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanması, Kənd Təsərrüfatı Nazirliyi zəfəranın dünya bazarlarına ixracı imkanlarını araşdırması və s. məsələlər barədə də məlumatlar verilib.

"İxrac icmalı" sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR