“Bakı-2015” zəfəri Berlinin mərkəzində də izlənilib

“Bakı-2015” zəfəri Berlinin mərkəzində də izlənilib
# 29 iyun 2015 15:28 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı Nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak edən ictimai-siyasi xadimlər, o cümlədən diplomatik korpusun nümayəndələri, Almaniya parlamentinin üzvləri Bakı-2015 I Avropa Oyunlarının uğurla həyata keçirilməsindən və füsunkar bağlanış mərasimindən çox təsirləndiklərini bildiriblər.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ilk Avropa Oyunlarının təşkili üçün Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya, eləcə də Milli Olimpiya komitəsinə təşəkkürünü bildirib. Diplomat bildirib ki, I Avropa oyunlarının keçirilməsi barədə qərar 2012-ci ildə verilib: “Bir ildən sonra bu möhtəşəm tədbirə ev sahibliyi etməsi üçün Azərbaycanın paytaxtı seçilib. Azərbaycan xalqı bu qərarın qəbul olunmasından qürur hissi keçirirdi”.

Səfir Azərbaycan idmançılarının yarışlarda medal sayına görə ikinci yerə yüksəldikləri üçün onlara öz minnətdarlığını bildirərək, bu zəfəri tarixi nailiyyət kimi dəyərləndirib.

Almaniya parlamentinin üzvü Tobias Zek isə cəmi 2,5 ilə möhtəşəm Avropa Oyunlarının təşkilində Azərbaycanın göstərdiyi nailiyyəti yüksək dəyərləndirib. O qeyd edib ki, 12-28 iyun tarixlərində Bakıda keçirilən I Avropa Oyunları böyük uğur idi və bu kontinental oyunların gələcəkdə digər ölkələrdə keçirilməsi üçün dönüş nöqtəsi olub. Millət vəkilinin sözlərinə görə, idman Avropa ölkələri arasındakı münasibətlərin gücləndirilməsində yaxşı bir vasitə ola bilər.

TEAS-ın Almaniya nümayəndəliyinin rəhbəri Şahin Nemati isə Bakı-2015 Avropa Oyunlarını belə təsvir edib: “Öz müstəqilliyini 24 il bundan əvvəl qazanmış gənc dövlətimiz üçün bu tarixi əhəmiyyətə malik hadisə idi. Yəqin ki, o zaman bu miqyasda bir tədbirə ev sahibliyi edəcəyimizin mümkünlüyünü belə düşünə bilməzdik. Lakin ölkəmizin iqtisadi inkişafı və insan resurslarından əminliyimiz bu məqsədə nail olmamızı mümkün etdi. Avropa Oyunları Azərbaycan-Avropa münasibətlərinin inkişafı istiqamətində daha bir uğurlu addım idi və eyni zamanda Azərbaycanın Avropanın idman tarixinə verdiyi töhfələrdən biridir”.

Qeyd edək ki, tədbirdən hazırlanmış reportaj “TV Berlin” kanalında da yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR