“Avropa” otelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

“Avropa” otelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
# 08 sentyabr 2015 16:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa” otelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə hakim tərkibinə etirazla bağlı vəsatət verib. Lakin onun vəsatəti təmin olunmayıb. Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Vəkil Cavid Rzazadə isə bildirib ki, təqsirləndirilən şəxslər kamera görüntülərinə baxıldıqdan sonra ifadə verəcəklər. Həmin məsələyə isə dövlət ittihamçısı etiraz edib. Bundan sonra hakimlər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan ediblər. Məhkəmədə zərərçəkmiş qismində Ruslan Əfəndiyev də ifadə verib.

Məhkəmə prosesi sentyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S. Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M. Səfərov isə 221-ci maddə üzrə təqsirləndirilir.

Onu da qeyd edək ki, öldürülən A. Məmmədov “Zaminbank”ın Nəsimi filialının müdiri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR