AMEA Tarix İnstitutunda akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinə həsr olunmuş Elmi Şura keçirilib

AMEA Tarix İnstitutunda akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsinə həsr olunmuş Elmi Şura keçirilib
# 10 dekabr 2012 14:48 (UTC +04:00)

İnstitutdan APA-ya verilən məlumata görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada akademik Ramiz Mehdiyevin“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ətrafında müzakirələr aparılıb. Yaqub Mahmudov öz çıxışında bildirib ki, Azərbaycanın görkəmli tarixçi-filosofu akademik Ramiz Mehdiyevin göstərilən məqaləsi vaxtında yazılmış istiqamətverici məqalədir və çox böyük əhəmiyyətə malikdir. Bu məqalə həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Səfəvi barədə Azərbaycan dövlətinin mövqeyidir. Məqalə ciddi elmi mənbələrə və tarixi ədəbiyyata əsaslanır, Azərbaycanın daxilində və ölkə xaricində tariximizi, tarixi şəxsiyyətlərimizi təhrif edənlərə tutarlı cavabdır, tarixçi alimlər üçün çox qiymətli uzunmüddətli elmi istiqamətdir. Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti professor Mahmud Kərimova ünvanlandığı məktubunda Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə AMEA Tarix İnstitutu tərəfindən Azərbaycan tarixi haqqında yığcam və aydın tarixi arayışların hazırlanması vəzifəsini qoyub. Mühüm dövlət sənədlərində, xüsusilə ölkə prezidentinin sərəncamlarında AMEA-nın Tarix İnstitutu bütün ölkəmizdə tarixi araşdırmaların mərkəzi kimi qiymətləndirilir. Bütün bunlar dövlətimizin Tarix İnstitutuna olan çox mühüm etimadının nümunəsidir. Elmi Şurada yekdilliklə qeyd olunmuşdur ki, institutun alimləri bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. İclasda qərara alınıb ki, akademik Ramiz Mehdiyevin tarixçi alimlərlə əlaqədar olan məktubu ayrıca Elmi Şurada müzakirə olunaraq konkret tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR