Yanan binaya görə həbs edilən sabiq şöbə müdirinin avtomobilinin üzərinə həbs qoyulub

Yanan binaya görə həbs edilən sabiq şöbə müdirinin avtomobilinin üzərinə həbs qoyulub
# 22 dekabr 2015 07:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı həbs edilən Ədalət Rəcəbovun avtomobilinə məhkəmə tərəfindən həbs qoyulub.

APA-nın məlumatına görə, Ədalət Rəcəbovun adına olan “Toyota Prado” markalı 90 RE 010 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə cinayət təqibi davam etdirildiyi müddətdə Nəsimi rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli qərarı ilə həbs qoyulub. Həmin qərarla razılaşmayan Ə. Rəcəbov isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, həbsin götürülməsini istəyib. Lakin məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq hazırda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR