Bu il Təhsil Nazirliyi tərəfindən 84 məktəb tikilib və ya əsaslı təmir olunub

Bu il Təhsil Nazirliyi tərəfindən 84 məktəb tikilib və ya əsaslı təmir olunub
# 26 dekabr 2019 17:46 (UTC +04:00)

“Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə bu il ölkə üzrə Təhsil Nazirliyi tərəfindən 84 məktəb tikilib və ya əsaslı təmir olunub. Onlardan 50-si modul tipli, 25-i yeni tikilmiş, 9-u əsaslı təmir olunmuş məktəblərdir”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ilin yekunları ilə bağlı məlumat verərkən bildirib. Onun sözlərinə görə, ümumilikdə son illərdə ölkədə 3300-dək məktəb yeni tikilib və ya yaxud əsaslı təmir edilib: “Bu da bütün məktəblərin 74 faizini təşkil edir. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. İkinci növbəli məktəblərin sayı 34 faizdən 14 faizə enib”.

Dərslik hazırlığı ilə bağlı da məlumat verən F. Qədirov qeyd edib ki, məzmun islahatları dərsliklərə də aiddir: “11 il ərzində ümumi təhsil sistemində istifadə edilən 400-dən artıq dərsliyi tam yeniləşdirmişik. İndi dərsliklər yalnız nəşriyyatların deyil, bir sıra institutların ekspert rəyi əsasında hazırlanır”.

Aparat rəhbərinin müavini əlavə edib ki, builki dərs ilinə 322 adda 7 milyon 717 min nüsxədən artıq dərslik hazırlanıb və məktəblərə göndərilib: “Bu il eyni zamanda I siniflər üçün ehtiyat dərsliklər hazırlanıb. İlk dəfə olaraq həmin ehtiyat dərsliklər 150 məktəbdə pilot siniflərdə tətbiq olunmağa başlayıb. Dərslik hazırlığı sahəsində işlər davam edir. Elektron dərsliklər də bu sahədə yenilikdir. Onların sayı da ildən-ilə artır. Həmin elektron dərsliklər həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün çox əlverişli və əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR