Hacıbala Abutalıbov: “Binəqədidə yanğın baş verən binada qeydiyyatda olan ailələrə kompensasiya verilməsi prosesi bu gün başa çatacaq”

Hacıbala Abutalıbov: “Binəqədidə yanğın baş verən binada qeydiyyatda olan ailələrə kompensasiya verilməsi prosesi bu gün başa çatacaq”
# 01 iyun 2015 12:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H. Abutalıbov bildirib ki, binada 56 ailə qeydiyyatda olub: “İki ailə, birində ana və qız, digərində ana və oğul arasında bu vəsaitlər bölünüb. Söhbət dövlət vəsaiti hesabına 20 min manat məbləğində birdəfəlik maddi yardımdan gedir. Bu günə yalnız binada mənzili olan iki ailənin kompensasiyası hələ ödənilməmiş qalıb. Bunlardan biri kirayənişinlə mənzil sahibi, digəri ana, bala və gəlin arasında məsələlərlə bağlıdır. Biz bu gün bu məsələləri də yoluna qoyub, kompensasiya ödənilməsi məsələsini yekunlaşdıracağıq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətində həmin ailələrlə görüş olacaq”.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında 56 ailə qeydiyyatda olub. Mayın 21-də Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alan hər bir kəsə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR