Azərbaycan prezidenti İlham Əliyev: “Biz Tacikistanı özümüzə dost və qardaş hesab edirik”

Azərbaycan prezidenti İlham Əliyev: “Biz Tacikistanı özümüzə dost və qardaş hesab edirik”
# 12 iyul 2012 11:07 (UTC +04:00)
Bakı - APA. “Biz Sizin səfərinizə və bütövlükdə dövlətlərimiz arasında yaxşı tarixə və gözəl perspektivə malik olan münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz Sizinlə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə dair fikir mübadiləsi apardıq, konkret məsələlərin həlli yollarını qeyd etdik. Sizin səfərinizin müsbət məzmun kəsb etməsi üçün bu gün müvafiq qurumlara konkret tapşırıqlar veriləcək. Ümid edirəm ki, səfər çox uğurlu olacaq”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşündə prezident İlham Əliyev deyib. Dövlət başçısı dəvəti qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyinə görə, Tacikistan prezidenti Emoməli Rəhmona təşəkkür edib: “Xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri var. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq”.

Tacikistan prezidenti Emaməli Rəhmon göstərilən səmimi qonaqpərvərliyə görə prezident İlham Əliyevə minnətdarlıq edib: “Biz bu səfərə böyük əhəmiyyət veririk və onu əsası 2007-ci ildə yüksək səviyyədə qarşılıqlı səfərlərlə qoyulmuş daimi əlaqələrimizin məntiqi davamı kimi qəbul edirik. Bu baxımdan biz Sizin Tacikistana səmərəli səfərinizi xüsusi hərarətlə xatırlayırıq. Bu səfər iki ölkənin bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına güclü təkan verib. Tacikistan Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.
Bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir. BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR