Vahid Nəzərov: “Bu çempionat çox zəif keçdi”

Vahid Nəzərov: “Bu çempionat çox zəif keçdi”
# 12 mart 2012 11:48 (UTC +04:00)
Bakı – APA. Ağır atletika üzrə İsmayıllıda keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın legionerlərinin iştirak etmədiyi ölkənin bir nömrəli yarışında cəmi 58 idmançı (52 kişi, 6 qadın) podiuma çıxıb.

Bu atletlərin əksəriyyəti gənclər yığmamızın üzvləri olublar və fəxri kürsüdə də onlar çoxluq təşkil ediblər. Belə ki, kişilər arasında 56 kq-da Məhəmməd Seyidov (6 idmançı, 88 kq + 112 kq), 62 kq-da Rauf Nəbiyev (5 idmançı, 105 kq + 135 kq), 69 kq-da Firudin Quliyev (7 idmançı, 130 kq + 180 kq), 77 kq-da Sərdar Həsənov (12 idmançı, 156 kq + 185 kq), 85 kq-da Namiq Cəlilov (6 idmançı, 145 kq + 175 kq), 94 kq-da Nail Nəbiyev (5 idmançı, 160 kq + 205 kq), 105 kq-da İntiqam Zairov (8 idmançı, 172 kq + 205 kq) və +105 kq-da isə Azər Məmmədli (3 idmançı, 141 kq + 181 kq) çempion adına layiq görülüblər. Qadınların yarışında isə 6 iştirakçı hərəsi bir çəki üzrə qalib elan olunub.

Yığmamızın sabiq baş məşqçisi, Azərbaycan çempionatının Münsiflər Heyətinin sədri Vahid Nəzərov birinciliklə bağlı apasport.az saytına açıqlamasında bildirib ki, yalnız bir çəki istisna olunmaqla, digərlərində nəticələr çox zəif alınıb: “Bu çempionat çox zəif keçdi. Çünki ciddi rəqabət də yox idi. Əsasən gənclər və yeniyetmələr mübarizə aparırdılar. Yalnız Nail Nəbiyev istisna olmaqla, bütün iştirakçılar çox aşağı nəticə göstərdilər. Halbuki 10 gün öncə həmin uşaqların bir hissəsi gənclərin yarışında Sumqayıtda qüvvələrini sınamışdılar. Bunun üçün çempionat ciddi nəsə üzə çıxarmadı”.

Bu arada Nəzərov aprelin 6-15-də Türkiyədə keçiriləcək London-2012-yə lisenziya uğrunda Avropa çempionatına hakim kimi təyinat alıb. Yarışda həmçinin, qadınlardan ibarət yığmamız da 1 lisenziya uğrunda qüvvəsini sınayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR