Azərbaycanın təkrar mənzil bazarında bahalaşma davam edir

Azərbaycanın təkrar mənzil bazarında bahalaşma davam edir
# 02 avqust 2013 13:52 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi tərəfindən aparılan araşdırmalara əsasən, əqdlərin dinamikasının artması təkrar mənzil bazarında dinamikanın artımı və ipoteka kreditləşməsinin aktivləşməsi ilə bağlı olub. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub. Son 8 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı müşahidə olunub. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsiri nəticəsində yeni tikililərin reabilitasiyası və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə, tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır.

İyun ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 3,1% azalıb, orta qiymət isə 0,9% artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb və indekslər 2008-ci ilin iyun ayında qeydə alınmış ən yüksək göstəricini ötüb.

İyunda aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də məhz bu rayonların payına düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Lakin son 6 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir.

İyun ayında təkrar mənzil bazarında qiymət indeksi may ayı ilə müqayisədə 2,1 bənd artaraq 237,5 bəndində qərarlaşıb.

Hesabat ayında təklif 3,1% azalıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 5 minə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir bu 4 rayon hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayon hesabına formalaşır. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda (2,7%) qeydə alınıb.

Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

İyun ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2% təşkil edib.

İyunda qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə olunub. Orta qiymət əvvəlki ayı 0,9% üstələyib və 1 286 dollar/kv.m təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 31,2% olub.

Bazarda mənzillərin 1 kv.metrinin orta qiymətindən (1 286 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,8, hər otağın orta satış qiyməti 49 841 dollar, mənzilin orta qiyməti isə 117 521 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR