Azərbaycanda müşahidə olunan kəskin dəyişkən hava şəraitinin səbəbləri və insan sağlamlığına təsiri - ARAŞDIRMA

Azərbaycanda müşahidə olunan kəskin dəyişkən hava şəraitinin səbəbləri və insan sağlamlığına təsiri - <span style="color: red;">ARAŞDIRMA
# 07 aprel 2014 12:47 (UTC +04:00)

Kəskin baş verən dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Bəs görəsən, hava şəraitində birdən-birə baş verən dəyişikliklər nə ilə bağlıdır? Havaların kəskin dəyişməsi hansı problemlərə, insan sağlamlığında hansı fəsadlara yol aça bilir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, adətən yaz və payızda hava şəraiti çox dəyişkən olur: “Məsələn, mart ayında həm qış, həm də yaz ayları üçün xas olan proseslər tez-tez bir-birini əvəz edir. Lakin qeyd etmək lazımdır ki, son illər bütün dünyada artıq iqlim dəyişmələrinin fəsadları görünür. Tez-tez anomal hadisələrdən dünya ölkələri əziyyət çəkir və bütün dünyada bu proseslər baş verir”.

U.Tağıyeva qeyd edib ki, Azərbaycanda da xüsusilə son illər anomal hidrometeoroloji hadisələrin daha çox təkrarlanması qeydə alınır. Bu ilin mart-aprel ayının da nümunə kimi göstərməyin mümkün olduğunu deyən direktorun fikrincə, bir gün ərzində atmosfer təzyiqi kəskin 15-20 millibara qədər aşağı enir, isti və soyuq hava cərəyanları çox qısa bir dövr ərzində bir-birini əvəz edir: “Mart ayı keçid dövr olduğundan havanın dəyişkən keçməsi əslində səciyyəvidir. Lakin bu proseslər ötən illərlə müqayisədə daha tez-tez müşahidə olunur. Məsələn, əgər biz 90-cı illərdə mart ayı ərzində kəskin dövrlər 3-4 dəfə qeydə alınırdısa, indi həftə ərzində bir neçə dəfə qeydə alınır. Ümumiyyətlə, bütün dünyada baş verən iqlim dəyişmələri artıq atmosfer proseslərinə də təsirini göstərir. Anomal proseslərin təkrarlanmasında müsbət tendensiya qeydə alınır və özünü daha çox büruzə verir. İqlim dəyişmələri artıq atmosfer sirkulyasiyasına mənfi təsirini göstərir. Ona görə də bu cür kəskin və anomal dövrlər həm daha tez-tez müşahidə olunur, həm də anomaliyalar daha çox olur”.

Aprel ayında qar yağmasının nə dərəcədə xarakterik olmasına gəlincə, U. Tağıyeva qeyd edib ki, əvvəlki illərdə də belə hal müşahidə olunub. Onun sözlərinə görə, 100 illik meteoroloji müşahidələrə nəzər salsaq, 1911-ci ildə Bakıda 0,4 dərəcə şaxta olduğu görünər. Direktor vurğulayıb ki, anomaliyalar əvvəllər də olub, sadəcə, əvvəlki hallarla indi baş verənlərin fərqinin daha kəskin olması və daha tez-tez qeydə alınması ilə fərqlənir: “Bakı küləklər şəhəridir və 365 günün müxtəlif günlərində sürəti 5 metrdən yüksək olan küləklər əsir. Amma daha kəskin, böyük və şiddətli küləklərin təkrarlanması artıb. Ötən illərdə də küləyin surəti 30 metrə çatırdı. Amma əgər bu 5-10 ildən bir müşahidə olunurdusa, indi daha tez-tez qeydə alınır. Bunların da hər biri iqlim dəyişmələri ilə bağlıdır”.

Bu hadisələrin insan orqanizminə təsirinə gəlincə U.Tağıyeva bu cür kəskin dəyişmələrin çox qısa dövr ərzində baş verdiyinə görə insan orqanizminin həmin dəyişkənliyə ləng uyğunlaşdığını bildirib: “Buna görə də dəyişkən hava şəraiti xüsusən də meteohəssas insanlara öz təsirini göstərə bilər. Bunun elmi əsasları var və problem Azərbaycanda həkimlər, alimlər tərəfindən öyrənilir. Bu proseslərin önəmliliyini nəzərə alaraq biz proqnoz verən təşkilat kimi bir neçə ildir ki, insanları qabaqcadan xəbərdar etməyə çalışırıq. Bu xəbərdarıq sistemi tibbi-meteoroloji proqnozları əhatə edir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara atmosfer təzyiqinin kəskin tərəddüdü mənfi təsirlər edə bilər. Hər hansısa bir dəyişkənlik gözlənilirsə, tibbi-meteoroloji proqnozlarda əhali qabaqcadan məlumatlandırmağa çalışırıq”.

Günəş sistemində baş verən dəyişiklərin insan sağlamlığına vurduğu zərərə gəlincə, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında bildirib ki, hər 11 ildən bir Günəşdə baş verən aktivlik artır və pik həddə çatır. Hazırda həmin dövrün yaşandığını deyən N.Cəlilov qeyd edib ki, bu zaman lokal maqnit sahələri güclənir, qısaqapanma olur, böyük alışmalar baş verir: “Alışmalarda hər tərəfə, o cümlədən yerə tərəf böyük həcmdə plazma kütlələri atılır. Yerə tərəf atılan plazmanın kütləsi böyükdürsə, o yerin maqnit sahəsini silkələyir. Bu hadisələr xroniki xəstəliklərdən əziyyət çəkən insanlara öz təsirini göstərir. Mütəxəssislər tərəfindən də maqnit qasırğalarının insanlara təsiri ilə bağlı statistik analiz aparılır. Hətta yerdə zəlzələlərin orta statistik analizlərinin göstəricilərinə də nəzər saldıqda, Günəşdə baş verənlərlə bunların arasında kollerasiyanın olduğunu görmək olar. Yəni maqnit qasırğaları artdıqca yerdə baş verən proseslər də artır. Xəstəliklərin sayı ilə yerə olan təpkilərin sayı arasında da birbaşa asılılıq var. Biz sadəcə, Günəşdə baş verən hadisələri izlədikcə bunun meteohəssas insanlara təsiri barədə əvvəldən məlumat veririk”.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev APA-ya açıqlamasında deyib ki, hava şəraitinin kəskin dəyişməsi xüsusən xəstəliyə meylli şəxslərə, yaşlı nəslə, aritmiyası, qan təzyiqi yüksək olan hipertoniklərə, stenokardiyası olanlara təsir edir. Onun sözlərinə görə, fəsil dəyişilməsində xroniki xəstəliklər kəskinləşir: “Havanın kəskin dəyişməsi, temperaturun 10 dərəcə aşağı düşməsi ürək-damar xəstəlikləri, konkret olaraq miokard infarktını 2 dəfə artıra bilər. Belə dəyişkən hava şəraiti həqiqətən də xroniki xəstəliklərin artması, indiyə kimi sakit vəziyyətdə olan infeksiyaların yenidən baş qaldırmasına gətirib çıxaracaq. Bu çox ciddi bir problemdir. Son illər insan sağlamlığına 3 əsas faktor təsir edir ki, bunlara havanın kəskin dəyişilməsi, maqnit burulğanları və Günəşdə partlayışların olmasıdır. Bunların arasında sıx əlaqə var. Xüsusən rütubətli hava birdən soyuğa keçir, onda meteopatik reaksiyalar çoxalır. Yəni, havanın təsirinə məruz qalan orqanizmin verdiyi meteopatik reaksiyalar artır”.

A. Baxşəliyev qeyd edib ki, havaların təsiri nəticəsində müxtəlif depressiyalar əmələ gələ bilər. Onun fikrincə, sinir sistemi möhkəm olmayanlarda suititlər (özünə qəsd) baş verə bilər: “Bakıda müşahidə olunan güclü külək insanlarda qorxu, vahimə yaradır ki, bunun nəticəsində hər bir xəstəliklər əmələ gələ bilər. Anidən baş verən hadisələr nəticəsində böyrəküstü vəzin reaksiyası artır, qanda hormonlar çoxalmağa başlayır. Bunun nəticəsində qorxu, həyəcan, əsmə əmələ gələ bilir, damarlar büzüşür, təzyiq qalxır. Hipertonik kriz, aritmiyaya meylli adamlarda müxtəlif aritmiyalar əmələ gəlir. Son dövrlər müxtəlif xəstəliklərin çoxalmasına iqlim dəyişmələri faktorun da təsiri var”.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, respublikanın baş infeksionisti Namiq Əliyev isə APA-ya açıqlamasında deyib ki, havaların kəskin dəyişməsi, temperaturun qalxıb-enməsi insanların immunitetin zəifləməsinə səbəb olur. Onun sözlərinə görə, nəticədə də insanlar arasında infeksion xəstəliklər daha çox müşahidə olunur: “Havaların dəyişməsi nəticəsində bu ilin mart ayında insanlar arasında infeksion xəstəliklərinin yayılmasına 1-2% artım qeydə alınıb. Belə havalara hazırlıqlı olmaq lazımdır. İmmuniteti gücləndirmək üçün insanlar vaxtında qidalanmalı, özlərini soyuqdan qorumalı və hər bir havaya uyğun geyinməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR