Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir - FOTOSESSİYA

Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2014 14:57 (UTC +04:00)

Son 4 ildə Azərbaycanda I kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb

Bakı. Könül Kamilqızı - APA. Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, iclas Azərbaycanın 2014-cü ilin may-noyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilir.

Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın Təhsil Nazirliklərinin, həmçinin Avropa Şurası və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkədə aparılmış təhsil islahatları və 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. Nazir bildirib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib.

Tədbir iştirakçılarını Azərbaycanın təhsil sistemində baş verən dəyişikliklərlə tanış edən M.Cabbarov qeyd edib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.

M.Cabbarov regiondakı ali təhsil müəssisələrinin inteqrasiyasına mane olan xarici amilləri də açıqlayıb. Nazir qeyd edib ki, Ermənistan tərəfdən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi praktiki olaraq universitetlər arasında təhsillə bağlı birgə layihələrin həyata keçirilməsini mümkünsüz edib. Mikayıl Cabbarov bu görüşün region ölkələrində təhsilin sonrakı inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsinə yaxşı imkanlar yaradacağına və Bolonya prosesinin inkişafına müsbət təsiri göstərəcəyinə əminliyini vurğulayıb.

Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasına sabah yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR