Bu günə qədər Bakı və qəsəbələrinə 220 mln. manata qədər güzəştli kredit verilib

Bu günə qədər Bakı və qəsəbələrinə 220 mln. manata qədər güzəştli kredit verilib
# 30 mart 2015 11:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində ölkə üzrə 1 229 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 mln. manat güzəştli kredit yönəldilib: “Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir”.

O bildirib ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 219,6 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,2 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, elektrotexniki avadanlıqlar, mebel, plastik qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR