Təhsil naziri Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb

 Təhsil naziri Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb
# 03 iyul 2015 11:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.

Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Nazirliyin İnformasiya şöbəsinə tapşırılıb ki, bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR