Azərbaycanda üçüncü səviyyəli biotəhlükəsiz laboratoriyası 2016-cı ildə istifadəyə veriləcək

Azərbaycanda üçüncü səviyyəli biotəhlükəsiz laboratoriyası 2016-cı ildə istifadəyə veriləcək
# 16 aprel 2015 10:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda üçüncü səviyyəli biotəhlükəsiz laboratoriya 2016-cı ilin sonlarında istifadəyə veriləcək.

Bu barədə APA-ya məlumat verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov bildirib ki, daha tez və aerozolla yoluxan xəstəliklərin müayinəsi üçüncü səviyyəli biotəhlükəsiz laboratoriyada aparılacaq: “Üçüncü səviyyəli biotəhlükəsiz laboratoriyada ilkin aşkarlanan xəstəliklərin olub-olmadığı təsdiqlənəcək. Bizim regionlardakı ikinci səviyyəli biotəhlükəsiz laboratoriyalarımız sayı beşdir. Üçüncü səviyyəli biotəhlükəsiz laboratoriyanın ikinci səviyyəli biotəhlükəsiz laboratoriyaların fərqi ondan ibarət olacaq ki, daha tez, aerozolla yoluxan xəstəliklərin müayinələri burada aparılacaq. Çünki təhlükəsizlik bu laboratoriyada çox yüksək olacaq. Laboratoriyanın içərisində mənfi təzyiq yaradılacaq və mənfi hava daima eyni formada saxlanılacaq ki, patogenlərin çölə çıxmağa imkanı olmasın. Çöldən gələn və içəridən çıxan hava da filtr vasitəsilə təmizlənəcək. Sonra burada patogenlərin məhv edilməsi qaydaları bir az fərqli olacaq. Eyni zamanda, içəridə işləyən adamla çöldə işləyən adamın kontaktı olmayacaq. Laboratoriyanın içərisində kişi və qadınlar üçün ayrı-ayrılıqda duş kabinələr yaradılacaq. Burada elmi mövzular da işlənəcək”.

K. Əsədov qeyd edib ki, laboratoriyanın tikintisi Səhiyyə Nazirliyi tərəfindən aparılır: “Laboratoriyada həm Səhiyyə Nazirliyinin, həm də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları çalışacaqlar. Artıq 8-ci kilometr qəsəbəsində yerləşən laboratoriyanın tikintisi başa çatdırılıb. Laboratoriyanı avadanlıqlarla Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti təchiz edəcək. Laboratoriyada çalışacaq mütəxəssislər xarici ölkələrə təlimlərə göndəriləcək. Avadanlıqlar yerləşdiriləndən sonra isə xaricdən mütəxəssislər gəlib yerində avadanlıqların işlənməsini, metodikasını öyrədəcəklər”.

Qeyd edək ki, 3-cü bioloji təhlükəsizlik səviyyəsində olan izolyasiya olunmuş laboratoriyalar 3-cü risk qrupuna daxil olan mikroorqanizmlərlə və böyük həcmdə yaxud yüksək konsentrasiyada olan 2-ci risk qrupuna daxil olan mikroorqanizmlər ilə (hansı ki, aerozolların əmələ gəlməsi yüksək təhlükə təşkil edir) işləmək üçün layihələşdirilir. 3-cü bioloji təhlükəsizlik səviyyəsində izolyasiya olunma 1-ci və 2-ci bioloji təhlükəsizlik səviyyəsində olan baza laboratoriyaları ilə müqayisədə işçi proqramları və təhlükəsizlik proqramlarının genişləndirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR