Bank Of Baku

Azərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb

Azərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb
# 28 oktyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfulayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov layihə barədə məlumat verərək bildirib ki, dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyətinin razılığı olmadan binaların və qurğuların tikilməsinə görə cərimələrin məbləği artırılır. Belə ki, fiziki şəxslər üçün müəyyən edilən cərimə 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 15 000 manatdan 30 000 manatadək müəyyən edilib. Komissiya sədri cərimə məbləğinin artırılmasının qanunsuz tikintilərin qarşısının alınmasına yönəldiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva cərimələrin məbləğinin daha çox olmasını təklif edib.
Deputat Fazil Qəzənfəroğlu isə deyib ki, cərimələrin məbləğini artırmaqla qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil.

Millət vəkili Adil Əliyev Azərbaycanda qanunsuz tikililərin sayının sürətlə artdığını, deputat seçildiyi Nərimanov rayonunda daha çox qanunsuz tikili olduğunu qeyd edib.

Deputat Pənah Hüseyn isə qanunsuz tikintiləri rüşvət mənbəyi adlandırıb, bu halların aradan qaldırılması üçün səylərin artırılmasının zəruriliyini bildirib.

Masallı rayonunda da qanunsuz tikintilərin olduğunu deyən millət vəkili Əhəd Abıyev rayondakı bəzi məmurların qanunazidd hərəkətləri ilə bağlı ölçü götürülməsinin vacibliyini vurğulayıb.

MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə qeyd edib ki, qanunlara dəyişikliklər edilməsi məhz mövcud neqativ halların aradan qaldırılmasına yönəlib. Müzakirələrdən sonra Milli Məclis qanun layihəsini qəbul edib.

İclasda, həmçinin, “Coğrafi adlar” haqqında qanuna əlavələr edilməsi ilə bağlı müzakirələr aparılıb və qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR