Bank Of Baku

Azərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib
# 31 oktyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın xəbərinə görə, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov təqdim edib. Komissiya sədri deyib ki, bu layihə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına yönəlib.

Onun sözlərinə görə, qanun qəbul ediləndən sonra Maliyyə Monitorinqi orqanı adlı qurum yaranacaq. Bu qurum cinayət yolu ilə əldə edilən pul vəsaitləri və digər əmlakla bağlı aparılmış əməliyyatlar barədə monitorinq keçirəcək. Komissiya sədri qeyd edib ki, 20 min manatdan artıq olan pul vəsaitləri həmin əməliyyata cəlb olunacaq, vəsaitin mənbəyi barədə məlumatlar toplanacaq. Ə. Hüseynov bu qanunun qəbul olunması ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürdüyünü, Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətinin bu qanunu qəbul etdiklərini deyib.

Layihə barədə çıxış edən millət vəkilləri layihədə göstərilən 20 min manat məbləğin az olduğunu bildirib, həmin məbləği dəfələrlə artırmağın vacibliyini vurğulayıblar.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR