Bank Of Baku

Azərbaycanın siyasi təşkilatlarının Moskva Bəyannaməsinə münasibəti

Azərbaycanın siyasi təşkilatlarının Moskva Bəyannaməsinə münasibəti
# 03 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının iştirakı ilə Moskvada keçirilən görüşü və qəbul edilmiş birgə bəyannamə ilə bağlı Azərbaycanın müxalifət partiyaları ayrı-ayrıqda bəyanatla çıxış edib. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında Rusiyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı atdığı son addımlar müzakirə edilib. Müzakirələrin yekununda qəbul olunan bəyanatda bildirilir ki, birgə bəyanatın imzalanması və burada məsələnin Madrid təkliflərinə uyğun aparılması ilə bağlı müddəalarının yer alması Dağlıq Qarabağın gələcək statusu ilə bağlı Azərbaycan üçün qeyri-məqbul şəraitin yaranmasına səbəb olur: “Dağlıq Qarabağ probleminin Madrid bəyannaməsinə uyğun aparılması Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələləri ciddi sual altında qoyur”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda isə bildirilir ki, Rusiyanın vasitəçiliyi ilə münaqişənin ədalətli həllinə nail olmaq mümkünsüzdür. BAXCP rəhbərliyi Azərbaycan torpaqlarının məhz Rusiyanın Ermənistana verdiyi dəstək hesabına işğal edildiyini bildirib: “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı konkret ərazidə hər hansı referendumun keçirilməsi isə Azərbaycan Konstitusiyasına zidd olmaqla yanaşı, faktiki olaraq Dağlıq Qarabağın itirilməsi deməkdir. Rusiyadan xeyir gözləmək şeytandan mərhəmət ummağa bənzəyir”. BAXCP hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü üçün Ermənistana işğal olunmuş torpaqlarından geri çəkilmək, beynəlxalq təşkilatlara isə işğalçıya təzyiq göstərmək üçün konkret vaxt verilməlidir.

Azərbaycan Demokrat Partiyası (ADP) isə Moskva danışıqlarını və bu danışıqlarda Rusiyanın birtərəfli qaydada təşəbbüsü ələ almaq cəhdlərini rəsmi Moskvanın Gürcüstan ərazilərini işğal etməsi ilə əlaqədar Minsk qrupunun üzvü olan dövlətlərin Rusiyanın bu qrupundakı fəaliyyətinə kölgə salmalarına revanş kimi qiymətləndirib. ADP 2007-ci ildə Madrid sənədində qəbul edilmiş prinsipləri beynəlxalq hüquqa zidd olduğunu əsas gətirərək, problemin bu prinsiplərə uyğun həllinin perspektivsiz olduğunu və bölgədə uzun müddətli sülhə təminat verməyəcəyini bəyan edib.

Qarabağ Azadlıq Təşkilatının (QAT) da Moskva Bəyannaməsinə münasibəti mənfidir. Təşkilatın bu gün yaydığı bəyanatda bildirilir ki, Rusiya rəhbərliyi Azərbaycanı güzəştə məcbur etməyə səy göstərir: “Moskvada görüşün təşkili və bəyannamənin imzalanması bir sıra məqamlarına görə Azərbaycanın maraqlarına cavab vermir. Rusiya təşəbbüsü ələ keçirdiyini gizlətmir və bu təşəbbüsü inkişaf etdirərək Qarabağ məsələsini tam inhisara almağa çalışır”. QAT bildirir ki, nə qədər gec deyil Azərbaycan tərəfi Rusiya və Ermənistanın maraqlarını tam təmin edən və Qarabağın taleyi üçün ciddi təhlükələr yaradan bu prosesdən geri çəkilməlidir: “Azərbaycan hər hansı müştərək sənədi yalnız Ermənistanın işğalçı qüvvələri işğal etdiyi bütün ərazilərdən çıxandan sonra imzalaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR