Bank Of Baku

Millət vəkilləri dövlət büdcəsinin müzakirəsi zamanı müxtəlif problemlər qaldırıblar

Millət vəkilləri dövlət büdcəsinin müzakirəsi zamanı müxtəlif problemlər qaldırıblar
# 11 noyabr 2008 15:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasının ikinci hissəsində “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, iclasın ikinci hissəsində əsasən millət vəkilləri çıxış ediblər. Deputat Qüdrət Həsənquliyev Azərbaycanın dövlət büdcəsinin əsasən neftdən asılı olduğunu, neftin qiyməti düşərsə, bunun ağır nəticələr verə biləcəyini deyib. Deputat ölkədə iqtisadi islahatların sürətləndirilməsini, sahibkarlığın inkişafına dəstəyin, təhsil, səhiyyə və hərbi sahəyə ayrılan vəsaitlərin artırılmasını vacib sayıb.

Millət vəkili Xanhüseyn Kazımlı Azərbaycanın dövlət büdcəsinin sosial-iqtisadi yönümlü olduğunu, büdcə paketinin peşəkarlıqla hazırlandığını bildirib. Millət vəkili Qənirə Paşayeva Qubada aşkar olunan məzarlığa diqqətin artırılmasının zəruriliyini önə çəkib. Deputat Quba məzarlığının baxımsız vəziyyətdə qalmasının yolverilməz olduğunu deyib. O, həmçinin, elm adamları və hərbçilərə sosial ipotekaların verilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Yevda Abramov isə Quba rayonunda əhalinin qaz təminatından əziyyət çəkdiyini deyib: “Artıq Qubaya ilk qar yağıb, lakin rayonda qaz yoxdur. Biz Avropaya qaz ixrac etdiyimizi bəyan edirik, ancaq Quba rayonunu qazla təmin edə bilmirik. Mən iki gündür, telefonumu söndürmüşəm. Sakinlərə nə cavab verəcəyimi bilmirəm. Qubada məktəblilər yandırmaq üçün sinfə əl çantalarında odun gətirirlər. Büdcə xalqa işləməlidir, nazirə və ya deputata yox. Xalqa xidmət etməyən büdcəni niyə tərifləməliyik?”

Millət vəkili Vahid Əhmədov da qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini, əhalinin banklardakı əmanətlərinin sığortalanmasının zəruriliyini önə çəkib. Deputat Musa Quliyev isə Azərbaycanda təhsil, səhiyyə və turizm sahəsinin inkişafına ayrılan vəsaitlərin artırılmasını təklif edib: “Bu gün Azərbaycanda dünyasını dəyişən insanların 48 faizi ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdir. Səhiyyə ocaqlarının maddi-texniki bazası artırılmalıdır. Bu gün Azərbaycanda bir uşaq sanatoriyası belə yoxdur”.

Müzakirələr sabahkı iclasda davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR