Bank Of Baku

Azərbaycanda partiya liderlərinin funksiyası nədən ibarətdir? - ARAŞDIRMA

Azərbaycanda partiya liderlərinin funksiyası nədən ibarətdir? - <font color=red>ARAŞDIRMA</font>
# 12 noyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Əksər demokratik ölkələrdə seçkilərlə iştirak edib, qalib gələ bilməyən partiyaların rəhbərləri istefaya gedir. Azərbaycanda müxalifətdə olan partiyaların rəhbərləri isə 1993-cü ildən bəri ölkədə keçirilən seçkilərin demək olar ki, hamısını uduzsalar da, bu günədək belə hal baş verməyib. Azərbaycanda partiya sədrinin istefası ilk dəfə 2003-cü ildə qeydə alınıb. Amma bu istefanın səbəbi də seçkilərdəki məğlubiyyət olmayıb. Partiya sədrliyindən istefa verən şəxslər faktiki olaraq yenə də həmin partiyanın rəhbərliyində qalıblar. Bu dəfə lider statusunda... Azərbaycan siyasətində liderlik institutu lazımdırmı? Bu institutun məqsədi, mənfi və müsbət tərəfləri hansılardır?

Bu addımı ilk atmış Azərbaycan Liberal Partiyasının keçmiş sədri, hazırkı lideri Lalə Şövkət APA-ya bildirib ki, belə bir institutun yaradılması vacib idi: “Ona görə ki, o partiyaları biz yaratmışıq. Sözsüz ki, bəzi insanlar bu partiyaya ideologiyaya yox, mənim adıma görə gəliblər. Bu da mühüm məsələdir. Bu insanları saxlamaq üçün, partiyada sabitliyi yaratmaq üçün liderə ehtiyac var”. L. Şövkətin sözlərinə görə, onun lider olaraq partiyanın ideologiya və strateji məsələlərinə qarışmaq səlahiyyəti var. Amma o, struktur, kadr məsələlərinə müdaxilə etmir: “Liderin birinci funksiyası yanğın söndürməkdir. Bəzi məsələlərdə partiyada açıq fikir ayrılıqları, mübahisələr olur, bu zaman mənə müraciət edirlər və bir böyük kimi öz tövsiyələrimi verirəm. Yəni sabitliyin qorunub-saxlanması üçün lider lazımdır. Parlamentli respublikalarda prezidentlərin səlahiyyəti çox azdır. Amma o sabitliyin bir növ simvoluna çevrilir. Vaxt gələcək, bəlkə də liderə ehtiyac qalmayacaq. Amma bu gün lazımdır”.

ALP-nin İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə də lider kimi L. Şövkətə ehtiyacları olduğunu deyir: “Lalə Şövkətin xalq qarşısında xidmətlərini nəzərə alaraq partiya fəalları onun lider kimi qalmasında təkid ediblər. İndi partiyanın strateji istiqamətlərini lider müəyyənləşdirir. Amma taktiki baxımından partiyada cari məsələləri, idarəçiliyi sədr əvəzi, icraiyyə komitəsi və digər rəhbər orqanlar həyata keçirirlər. Liderin hüquqi qərar qəbul etmək səlahiyyəti yoxdur, o partiyanın ideologiyasını, strategiyasını istiqamətləndirir. Qərarları isə partiyanın rəhbər orqanları qəbul edir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyindən istefa verib hazırda partiyanın lideri postunu tutan Etibar Məmmədov isə bu barədə danışmaq istəmir. O, APA-ya bildirib ki, bu məsələ AMİP-in qurultayında həll edilib, Nizamnaməyə dəyişiklik olunub və belə bir institutu yaradılıb: “Bu fəxri bir statusdur. Mən AMİP-in gündəlik işləri ilə məşğul olmuram”. E. Məmmədov partiyada lider kimi səlahiyyətləri barədə suallara da cavab vermək istəməyib: “Səlahiyyətimlə bağlı müzakirə açmağa ehtiyac yoxdur. Bu məsələlər Nizamnamədə nəzərdə tutulub. Cari işlərə qarışmıram. Amma lider kimi partiyada qəbul edilmiş qərarlara “veto” qoymaq hüququm var”.

AMİP-in baş katibi Fuad Muxtarov hesab edir ki, partiyada lider postunun tətbiqi özünü doğruldub: “Liderlik bizdə bir mənəvi post kimi təsis edilib. Etibar Məmmədov partiyanın gündəlik işləri ilə məşğul olmur. O, partiyanın simvolu sayılır. Azərbaycan kifayət qədər siyasi xadim yetişdirməyib ki, əlimizdə olanları da xərcləyək. Bu məsələ partiyanın Nizamnaməsində əksini tapıb. Araşdıranda görünür ki, liderin səlahiyyətləri həm yoxdur, həm də kifayət qədərdir. Konkret olaraq partiyada hər hansı böhranlı vəziyyət yaranarsa, liderə müraciət olunur”.


Azərbaycan Demokrat Partiyasının sədrliyindən getdikdən sonra Rəsul Quliyev yeni yaratdığı Açıq Cəmiyyət Partiyasına sədr olmaq istəməyib, bu partiyanın lideri olmağa üstünlük verib. ACP sədri Akif Şahbazov APA-ya deyib ki, liderlik institutunun yaradılması son dövrlərin siyasi məhsulu olduğundan onlar da bu yolu seçiblər. A. Şahbazovun sözlərinə görə, lider daxili işlərə qarışmır, bunun müqabilində partiya bütün potensialını öz liderinin gələcəkdə prezident olmasına yönəldir: “Partiya bütün taktiki məsələlərdə sərbəstdir. Amma strateji məsələlərdə liderlə məsləhətləşir. Bu institutun təsis edilməsi partiya üçün heç bir problem yaratmır, əksinə, çox müsbət bir addımdır. Partiya bir sıra halda öz lideri ilə məsləhətləşir. Amma lider partiyanın müstəqil qərar qəbul etmək hüququna heç vaxt hörmətsizlik etməyib”.

Azərbaycanda sədrlikdən istefa verib, partiyada sıravi üzv kimi fəaliyyət göstərən yeganə siyasətçi hələ ki, Azərbaycan Xalq Partiyasının keçmiş sədri, millət vəkili Pənah Hüseyndir. AXP-nin sədri isə hazırda Qiyas Sadıqovdur. Partiyada lider postunu tutmaq niyyətində olmayan P. Hüseyn APA-ya açıqlamasında bildirib ki, liderlik institutunun yaradılması qanunvericiliyə zidd deyil. Partiyanın hər hansı institut yaratmaqda sərbəst olduğunu deyən millət vəkili dünyada da analoji hallara rast gəlindiyini qeyd edib: “Bu, bir yenilənmə forması kimi ortaya çıxıb. Təəssüf ki, Azərbaycanda ümumi siyasi rəqabət mühiti olmadığına görə, siyasi partiyalaşma məsələsində ciddi böhran yaşanır. Bizdə partiyalar liderlər ətrafında yaranıb, buna görə də partiyaların əksəriyyəti liderini dəyişə bilmir. Etibar Məmmədovun AMİP-in rəhbərliyindən uzaqlaşması bu partiyada hər hansı fəallaşmaya gətirib çıxarmadı. Əksinə, parçalanmalar oldu, partiya ciddi böhranlar keçirdi. Digər tərəfdən, bu mühitdə daha çox nisbətən populyar və təcrübəli adamlara ehtiyac hiss olunur. Yəni tufan zamanı kapitanlığı təcrübəsiz şəxslərə vermək mənfi nəticələrə səbəb olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR