Bank Of Baku

Milli Məclisdə “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib

Milli Məclisdə “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib
# 12 noyabr 2008 16:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasının ikinci hissəsində “2009-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən deputatlar layihə ilə bağlı rəy və təkliflərini çatdırıblar. Millət vəkili Gülər Əhmədova kənd təsərrüfatı sahəsinin inkişafına köməklik göstərilməsinin vacib olduğunu deyib. Millət vəkili, həmçinin səhiyyənin inkişafına ayrılan vəsaitin artırılmasını təklif edib. Deputat Fazil Qəzənfəroğlu siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin zəruriliyini diqqətə çatdırıb. Millət vəkili Sabir Rüstəmxanlı isə büdcə artımı ilə insanların həyat tərzi arasında uyğunluq yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda hökm sürən yerlipərəstlik və tayfabazlıq dövlət əmlakının dağıdılmasına xidmət edir.

Millət vəkili Rafael Cəbrayılov əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılmasını təklif edib. Deputat Rüstəm Xəlilov büdcə layihəsində bələdiyyələr üçün nəzərdə tutulan vəsaitlərin artırılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, hazırda bələdiyyələr üçün nəzərdə tutulan vəsaitlə heç bir iş görmək mümkün deyil. R. Xəlilov deputat seçildiyi Sabirabad rayonunda təhsil müəssisələrin təmirinə və suvarma sisteminin yenilənməsinə böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Deputat Əhəd Abıyev də təmsil etdiyi Masallı rayonun su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasının zəruriliyindən danışıb. Millət vəkili ölkədə yeni səhiyyə ocaqları və idman komplekslərinin sürətli tikintisini müsbət hal kimi dəyərləndirib.
Millət vəkili Əli Məsimli isə qeyri-neft sektoruna diqqətin artırılmasını önə çəkib. O, büdcə təşkilatında çalışanların, o cümlədən səhiyyə və təhsil işçilərinin məvaciblərinin artırılmasını təklif edib.

Müzakirələr sabah davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR