Bank Of Baku

Azərbaycanda bloklaşma siyasəti niyə uğur qazanmır? - SORĞU

Azərbaycanda bloklaşma siyasəti niyə uğur qazanmır? - <font color=red>SORĞU</font>
# 11 dekabr 2008 09:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Hazırda Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş 50-dən çox, təxminən bu qədər də qeydiyyatsız partiya fəaliyyət göstərir. İndiyədək Azərbaycan siyasi arenasında bu partiyaların iştirakı ilə xeyli sayda birlik və bloklar yaranıb. Bunlardan SİDSUH, DUH, DUBB, Demokratik Konqres, Azərbaycançı Qüvvələr Birliyi, Sosialist Azərbaycan Bloku, “Bizim Azərbaycan” bloku, ATA bloku, “Azadlıq” bloku, Demokratiya Uğrunda İttifaq, “Yeni siyasət” bloku, İqtidaryönlü Partiyaların Məşvərət Məclisi, Milli Demokratik Qüvvələr Birliyi, Azərbaycan Sol Qüvvələr Birliyi, Demokratik Seçki Mərkəzi, Milli Müqavimət Hərəkatının adını çəkmək olar. Bundan başqa, ayrı-ayrı partiyalar arasında ikitərəfli əməkdaşlığa dair zaman-zaman sazişlər da bağlanıb. Lakin bu birliklərin, blokların, eləcə də ikitərəfli sazişlərinin ömrünün az olduğu bugünkü Azərbaycan siyasətinin reallığıdır. Bəs bunun səbəbləri nədir? Partiyalar bloklaşarkən hansı prinsiplər pozulur? Azərbaycanda siyasi partiyaların bloklaşması prosesi dünya təcrübəsinə nə qədər uyğun aparılır?

AXCP sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, blokların qarşıya qoyulan məqsədə çata bilməməsinin səbəbi ölkədə qanunlara əməl olunmaması, seçkilərin nəticələrinin saxtalaşdırılmasıdır: “Burada əsas səbəbə diqqət yetirilməlidir, nəticəyə yox. Seçki bloku seçkilərdə gücləri birləşdirib qalib gəlmək üçün yaradılır. “Azadlıq” bloku da buna nail oldu. Amma sonradan bu qələbənin rəsmiləşməsinə imkan verilmədi.
Qazanılan səslərin qorunmasına imkan verilməməsini arxa plana keçirməkdən ötrü müxalifətin yaratdığı blokların uğursuz olduğu iddia etmək düzgün deyil. İkincisi də, dünyanın hansı ölkəsində seçki blokları əbədi olur ki?..” Ə. Kərimlinin sözlərinə görə, növbəti seçkilərdə də seçki bloklarının yaradılması cəhdləri davam edəcək.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə bildirir ki, onun rəhbərlik etdiyi partiyanın təmsil olunduğu Milli Demokratik Qüvvələr Birliyinin əsas məqsədi hakimiyyətə gəlmək yox, bir çox ümumi məsələlərdə vahid mövqedən çıxış etməkdir: “Bu məsələlər ölkədə demokratiyanın inkişafı, Dağlıq Qarabağ problemidir”. Q. Həsənquluyevin fikrincə, Azərbaycan təcrübəsində siyasi bloklarda təmsil olunan partiyalar əksər halda üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün məqsədə çata bilmirlər: “Mən düşünürəm ki, Azərbaycandakı partiyalar bir araya gəlib vahid təşkilatda birləşə bilərlər. Amma partiya sədrlərinin ambisiyaları buna imkan vermir. Bu da ölkədə siyasi mədəniyyətlə bağlı olan məsələdir. Bu istiqamətdə fəaliyyətimiz çox güman ki, müsbət nəticəsini verəcək. Ümid edirəm ki, yaxın zamanlarda partiyaların birləşməsi prosesi başlayacaq və Azərbaycanda normal 4-5 partiya olacaq”.

Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında təmsil etdiyi ittifaqın qarşısında dayanan əsas məqsədin demokratiya, Qarabağ, Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparmaq olduğunu bildirib. O, ittifaq üzvlərinin üzərlərinə qarşılıqlı öhdəlik götürdüyünü və nəzərdə tutulan məqsədlərə qismən çatdıqlarını qeyd edib: “İndiyə qədər Qarabağ probleminin həlli ilə bağlı çoxlu mülahizələr səslənib. Biz isə Qarabağ forumları keçirmişik, orada müxtəlif təkliflər irəli sürmüşük”. Son iki ayda ittifaqa iki partiya – Böyük Azərbaycan və Xalq partiyalarının daxil olduğunu deyən M. Mirəlioğlunun sözlərinə görə, hətta iki nəfərin bir araya gəlməsi belə Azərbaycanda qısqanclıq doğurur: “Amma DUİ bu stereotipləri dağıda bildi və il yarımdan çoxdur ki, fəaliyyət göstərir. Məqsədimizə çatmamış kənara çəkilmək fikrimiz yoxdur”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı APA-ya müxalifət daxilində yaranan seçki bloklarının səmimiyyət üzərində qurulmadığını, bu bloklarda real güclərin birləşmədiyini, buna görə də qarşıya qoyduqları hədəfə çata bilmədiklərini deyib. Onun sözlərinə görə, müxalifət partiyaları köhnə prinsiplərlə fəaliyyət göstərir: “Yeni Azərbaycan Partiyası isə hazırda İqtidaryönlü Partiyaların Məşvərət Məclisində fəaliyyət göstərir. Bu birlik səmimiyyət üzərində qurulub və qarşısına qoyduğu hədəflərə çatır”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, Müsavatın təmsil olunduğu bloklar həmişə öz məqsədinə çatıb. Siyasi partiyaların yaratdığı seçki bloklarının məqsədinin seçkilərdə qalib gəlmək olduğunu deyən A. Hacılı partiya olaraq Müsavatın 2000-ci il parlament seçkilərində, blok kimi isə 2003-cü il prezident və 2005-ci il parlament seçkilərində qalib gəldiyini iddia edir: “Azərbaycanda problem bloklarla, siyasi partiyaların seçkilərdə uğursuzluğu ilə bağlı deyil. Problem seçkilərin saxtalaşdırılması ilə bağlıdır. Bu baxımdan problemi bu kontekstdə müzakirə etmək lazımdır. Azərbaycanda normal seçkilər keçirmək üçün şərait, qanun çatışmır. Azərbaycanda həm blok şəklində, həm də blokdan kənar qalib gəlmək imkanına malik müxalifət partiyaları var”.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət APA-ya təmsil etdiyi hərəkatın 3 ildir, “Azadlıq” blokunda təmsil olunduğunu və öz prinsiplərinə sadiq qaldığını söyləyib. “Azadlıq”ın uzunmüddətli siyasi blok olduğunu deyən L. Şövkətin fikrincə, blokdaxili münasibətlər səmimiyyət üzərində qurulduğundan indiyədək qurum daxilində ciddi problem baş verməyib. Siyasi blokların qarşıya qoyduğu məqsədə çata bilməməsinə gəlincə, L. Şövkət də bunun günahını hakimiyyətdə görür: “Bloklar, əsasən, seçkilərlə bağlı yaranır və əksər halda öz hədəflərinə çatır. Müxalifətin yaratdığı bloklar çox vaxt çox vaxt seçicidən lazımi qədər səs alıb. Amma bu nəticələrin reallaşmasına imkan verilməyib”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa isə blokların öz məqsədlərinə tam çata bilməməsinin səbəblərinin, ilk növbədə, partiyaların ideoloji zəmin üzərində qurulmaması və vahid proqramlarının olmaması ilə izah edir. Bu baxımdan, o, partiyaların birliyinin daha çox psixoloji xarakter daşıdığını bildirib: “Azərbaycandakı siyasi partiyalar arasında ciddi ziddiyyətlər var, ona görə də bloklar yaranarkən irəliləyiş əldə edilmir”. F. Mustafa Azərbaycanda normal seçki mühiti formalaşmadığından birləşmələrin hədəflərinin də dəqiq müəyyən olunmadığını düşünür: “Artıq son illərdə bloklar məsələsi gündəmdən çıxır, hətta cəmiyyətdə partiyaların rolu da zəifləməyə başlayıb. İndi Azərbaycanda partiya müstəvisində siyasət yürüdülmür. Buna görə də bloklaşma uğursuzla nəticələnir”.

Bəs, siyasi nəzəriyyədə partiyaların bloklaşması necə təsbit olunub? Politoloq Zərdüşt Əlizadə APA-ya açıqlamasında siyasi nəzəriyyədə seçki bloklarının hər hansı məqsəd naminə partiyaların müvəqqəti birləşməsi olduğunu bildirib. Onun sözlərinə görə, blokların müvəqqəti olması təbiidir: “Çünki onlar daimi birləşsəydilər, o zaman vahid partiyada birləşərdilər. Siyasi tarix boyu blokların müxtəlif nümunələri olub, indi də var, gələcəkdə də olacaq”. Z. Əlizadə hər bir partiyanın fərqli məqsədləri olduğu kimi, ümumi məqsədlərinin də olduğunu qeyd edib: “Məhz bu ümumi məqsədlər üçün müəyyən dördə müəyyən partiyalar birgə fəaliyyət göstərir. Hətta qərbdə müxtəlif yönümlü partiyalar birləşib koalision hökumət yaradırlar. 30-cu illərdə məşhur Xalq Cəbhələri vardı. Onlar antifaşizmə qarşı mübarizə aparmaq üçün sağlı, sollu birləşib bloklar yaradırdı”.

Lakin Z. Əlizadə hesab edir ki, Azərbaycanda blok siyasəti uğur qazanmayıb. O bunu Azərbaycanda oturuşmuş, davamlı siyasi təşkilatların olmaması ilə izah edir: “Bu isə cəmiyyət və dövlətlə bağlıdır. Hər dəfə seçilər zamanı bloklar yaranır. Lakin indiki majoritar seçki sistemində bir-birinə güzəştə getmək məsələsində problemlər ortaya çıxır, güclü namizədlər bəzi hallarda qurban verilir. Nəticə isə məğlubiyyət olur. Azərbaycanda həqiqi seçki sistemi də yoxdur. Buna görə də elan edilən bloklar yaşamaq qüdrətində olmur, süni şəkildə mövcud olur, nəyəsə nail ola bilmir”. Z. Əlizadənin sözlərinə görə, siyasi məqsədlərə çatmaq üçün ilk növbədə ölkədə normal demokratik şərait lazımdır.

Digər politoloq İlqar Məmmədov isə ölkədə demokratiya tam bərqərar olmadığına görə istənilən formatlı blokun qarşısına qoyduğu məqsədə çatmamasını təbii hesab edir: “Seçki blokları məhz seçkilər dövrü ilə bağlı olur. İnsanlar sərbəst şəkildə öz fəlsəfi dəyərlərinə uyğun olaraq, iqtisadi əsasları, seçki dövrlərini nəzərə almaqla belə koalisiyalar qururlar. Azərbaycanda isə demokratik dəyərlər gözlənilmədiyindən bizdə demokratik bloklaşma, koalisiya qurmaq prinsipləri işləmir”.

Azərbaycanda yaranan blokların dünyada qəbul olunmuş prinsiplərə nə qədər uyğun olmasına gəlincə, İ. Məmmədovun fikrincə, bunun üçün də ilk növbədə ümumi siyasi sistem demokratik prinsiplərə uyğun olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR