Bank Of Baku

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
# 11 dekabr 2008 12:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bu gün Fəxri Xiyabanda onun məzarını ziyarət edib. APA-nın məlumatına görə, ziyarətdən sonra YAP rəhbərliyi Bakı Əyləncə Mərkəzində anım tədbiri keçirib. Tədbir çərçivəsində xalq şairi Zəlimxan Yaqubun H. Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” kitabının təqdimatı olub. Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyorları kitabdan parçalar səsləndiriblər. Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Azərbaycan xalqının bu gün H. Əliyev yolu ilə getdiyini və bunun nəticəsində uğurlar qazandığını bildirib. O, Heydər Əliyevin Fəxri Xiyabandakı məzarının xalqın müqəddəs ziyarətgahına çevrildiyini vurğulayıb.

Millət vəkili Fəttah Heydərov H. Əliyevlə tanışlığı, onun müsbət keyfiyyətləri, siyasi hakimiyyəti dövründə gördüyü işlərdən danışıb. O, H. Əliyevin bütün ömrünün xalqa xidmətdə keçdiyini söyləyib.

Tədbirdə akademik Vasim Məmmədəliyev, Milli Məclisin komissiya sədri Şəmsəddin Hacıyev və digər şəxslər də çıxış edib.

Z. Yaqub isə çıxışında yalnız dahi şəxsiyyətlər haqqında dastanların yarandığını bildirib. O, H. Əliyevlə bağlı bundan sonra da çox dastanların yazılacağını qeyd edib: “Mənim yazdığım “Əbədiyyət dastanı” Heydər Əliyevlə bağlı yazdığım ilk dastandır. Mən ölənə kimi belə dastanlar yazacağam. Çünki Heydər Əliyevlə bağlı yazılası çox mövzular var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR