Bank Of Baku

Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı keçirilib, Qulamhüseyn Əlibəyli partiyanın sədri seçilib

Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı keçirilib, Qulamhüseyn Əlibəyli partiyanın sədri seçilib
# 14 dekabr 2008 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı keçirilib. APA-nın məlumatına görə, öncə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Qulamhüseyn Əlibəyli çıxış edərək ali toplantı barədə məlumat verib. Q. Əlibəyli bildirib ki, bu il sentyabrın 24-də yeni partiya yaradacağını elan edib və bu müddət ərzində 30 rayonda yerli təşkilat yaradılıb. Rayon təşkilatlarının konfranslarında 201 qurultay nümayəndəsinin seçildiyini bildirən Q. Əlibəyli bütün nümayəndələrin toplantıda iştirak etdiyini və qurultayın səlahiyyətli olduğunu qeyd edib.

Sonra qurultayın gündəliyi təsdiqlənib, say komissiyası, katiblik formalaşıb. Qurultayda məruzə ilə çıxış edən Q. Əlibəyli hazırda Azərbaycanda 50-yə qədər siyasi partiyanın olduğunu, onların normal fəaliyyət göstərməsi üçün imkan yaradılmadığını deyib. O, müxalifət partiyalarının təqiblərə məruz qaldığını, sıradan çıxarıldığını qeyd edib: “Belə bir şəraitdə siyasi münasibətlər qanun və əxlaq çərçivəsində tənzimlənmir. Hazırda ölkədə iqtidar və müxalifət bir-birini qəbul etmir. Ona görə də cəmiyyət dalana dirənmiş vəziyyətdədir. Bunun da nəticəsində cəmiyyətin siyasi qüvvələrə inamı itib. Biz bu inamı qaytarmaq üçün ənənəvi siyasətdən fərqli siyasət ortaya qoymaq fikrindəyik. Həm hakimiyyətə, həm də müxalifətə olan inamı qaytarmağa çalışacağıq. Biz inkarçı və hakimiyyəti tərif mövqeyindən uzaqda dayanacağıq».

Q. Əlibəyli məruzəsində ölkədəki insan haqları və demokratiyanın vəziyyəti, hakimiyyətin bölüşdürülməsi prinsipləri, azad mətbuata olan təzyiqlər barədə də danışıb. Bütün seçkilərdə iştirakın tərəfdarı olduğunu qeyd edən Q. Əlibəyli 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərində fəal iştirak edəcəklərini vurğulayıb. O, ənənəvi müxalifətdən fərqli olaraq hakimiyyəti tanımamaq mövqeyi tutmayacaqlarını da bildirib.

Digər partiyalarla münasibətlərə gəldikdə, Q. Əlibəyli Aydınlar Partiyası ilə mövqeyi üst-üstə düşən bütün siyasi qüvvələrlə əməkdaşlıq edəcəklərini deyib.

Qurultayda partiyanın Adı, Nizamnaməsi, Məramnaməsi təsdiq edilib. Azərbaycan Aydınlar Partiyasının sədrliyinə Q. Əlibəylinin namizədliyi irəli sürülüb və o, yekdilliklə sədr seçilib. Qurultayda həmçinin, partiyanın Ali Məclisinin, 5 nəfərdən ibarət Nəzarət Komissiyasının tərkibi formalaşdırılıb. Qurultaydan dərhal sonra partiyanın Ali Məclisinin ilk toplantısı keçirilib.

Qeyd edək ki, Q. Əlibəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri olub. O, AXCP-nin bu ilin oktyabrında keçirilən prezident seçkilərini boykot etməklə bağlı qərarına etiraz olaraq, vəzifəsindən və partiya üzvlündən istefa verib. Prezident seçkilərinə namizəd kimi qatılan Q. Əlibəyli yeni partiya yaradacağını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR