Bank Of Baku

Azərbaycan prezidenti “Zəngəzur” tankerinin istismara buraxılması mərasimində iştirak edib

Azərbaycan prezidenti “Zəngəzur” tankerinin istismara buraxılması mərasimində iştirak edib
# 20 dekabr 2008 12:37 (UTC +04:00)
Bakı - APA. Dekabrın 20-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Zəngəzur” tankerinin istismara buraxılması münasibətilə mərasim keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı gəminin xidmət və yaşayış sahələri ilə tanış olub, dənizçilərin iş və həyat şəraiti ilə maraqlanıb. Prezidentə məlumat verilib ki, “Zəngəzur” tankeri Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa olunub. Tankerdən, əsasən, Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı üçün Səngəçal terminalına daşınmasında istifadə ediləcək. Eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan gəmi “Prezident Heydər Əliyev” tankeri ilə eyni layihədəndir və bu tip tankerlər Xəzərdə istismar olunan ən iri gəmilərdir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 6 belə tankeri var. Gəmiçiliyin sifarişi ilə daha bir analoji gəmi inşa edilir və 2009-cu ilin sonuna qədər istismara veriləcək.

Yükgötürmə qabiliyyəti 13 min ton olan “Zəngəzur” tankerinin uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə 7,14 metrdir. Bu, gəmiçiliyin sayca 79-cu gəmisidir. Onlardan 42-si tanker, 37-si quru yük gəmisidir.

Prezident İ. Əliyev gəminin kapitan körpüsünə baxıb. Dövlət başçısına məlumat verilib ki, kompüter sistemi ilə idarə edilən gəmi ən müasir naviqasiya avadanlığı və cihazları ilə təchiz olunub. Prezident İlham Əliyev gəminin istismara verilməsini bildirən düyməni basıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR