Bank Of Baku

Azərbaycan paytaxtında yeni elektrik stansiyası istifadəyə verilib

Azərbaycan paytaxtında yeni elektrik stansiyası istifadəyə verilib
# 24 dekabr 2008 12:17 (UTC +04:00)
Bakı – APA. Dekabrın 24-də Bakının Qaradağ rayonu ərazisində tikilmiş Səngəçal elektrik stansiyası istifadəyə verilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısına məlumat verilib ki, ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanılıb. Tikinti işlərini Finlandiyanın “Wartsila”, İsveçrənin “ABB”, Birləşmiş Ərəb Əmirliklərinin “Monolit”, Azərbaycanın “Azenko”, “İnterenerji” və “Qlobus” şirkətləri aparıb.

Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulur. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür.

Elektrik stansiyasına təbii qazın verilməsi üçün 4 km uzunluğunda kəmər çəkilib, qazpaylayıcı stansiya inşa olunub. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazut və dizel yanacağının, habelə suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib. Stansiyaya 3 km uzunluğunda dəmir yolu xətti çəkilib. Ümumi sahəsi 1400 kv/m olan 3 mərtəbəli inzibati və 1500 kv/m sahəsi olan yardımçı bina inşa olunub.

Elektrik stansiyasının faydalı iş əmsalı 46,4 faiz təşkil edir. Bir kVt/saat elektrik enerjisinin istehsalı üçün 263 qram şərti yanacaq istifadə ediləcək. Tikinti işlərində 600 nəfərə qədər işçi çalışıb. Burada 200 nəfər daimi işlə təmin olunacaq.

Prezident İ. Əliyev stansiyanın ərazisini gəzib, avadanlıqla, qurğularla, inzibati və yardımçı binalarla tanış olub, idarəetmə mərkəzində düyməni basaraq stansiyanı işə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR