Bank Of Baku

Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində hansı prinsiplər əsas götürülməlidir? – SORĞU

Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsində hansı prinsiplər əsas götürülməlidir? – <font color=red>SORĞU</font>
# 25 dekabr 2008 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı ayrı-ayrı partiyalar tərəfindən təkliflər irəli sürülsə də, bu məsələ hələ də həllini tapmayıb. Hazırda siyasi partiyaların fəaliyyəti 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. Qanuna görə isə partiyalar yalnız partiya üzvlərinin üzvlük haqları, ianələr hesabına maliyyələşir. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı müxtəlif partiyalar tərəfindən müxtəlif təkliflər səslənsə də, yalnız hələlik Böyük Quruluş Partiyası (BQP) “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə hazırlayaraq, parlamentə təqdim edib. BQP-nin başqanı, millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında deyib ki, bu qanunun dəyişməsi yaxın gələcəkdə mütləq həyata keçirilməlidir: “Amma indiki mərhələdə mən dəyişikliklərin olacağını gözləmirəm. İndiki siyasi qüvvələr arasında hər hansı dialoqun baş tutmadığı bir mühitdə qanunun müzakirə olunması real görünmür. Hakimiyyət də siyasətin partiyalar tərəfindən həyata keçirilməsində maraqlı deyil”.

F. Mustafa bildirib ki, layihədə uzlaşmış yanaşma ortaya qoyulub: “Biz hesab edirik ki, həm 2005-ci ilin parlament, həm də 2008-ci ilin prezident seçkilərinin nəticələri partiyaların maliyyələşməsində əsas götürülməlidir. Məncə, maliyyələşmə bu iki meyar əsasında müəyyən olunsa, bundan hətta parlamentdə təmsil olunmayan partiyalara da pay düşəcək”. Millət vəkili parlamentə təqdim etdiyi layihədə partiyaların fəaliyyəti üçün aylıq minimum 15 min manatın ayrılması təklif edilir: “Hesab edirəm ki, bu məbləğlə partiyanı bir ay ərzində normal səviyyədə idarə etmək olar”.

Millət vəkili Pənah Hüseyn isə sözügedən qanunun dəyişdirilməsinə çox ehtiyatla yanaşır: “Son dövrün təcrübəsi göstərir ki, bütün qanunlar dəyişdirilərkən antidemokratik meyllər daha da gücləndirilir. Ona görə də biz bu tipli qanunların dəyişdirilməsi üçün hətta təklif verməyə də ehtiyatlanırıq”. P. Hüseyn bildirib ki, əslində Müsavat Deputat Qrupu sözügedən məsələ ilə bağlı qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək fikrində olub. Lakin qanunun daha da mürtəceləşdiriləcəyindən ehtiyat etdiklərindən bu addımı atmayıblar. P. Hüseyn bütün dünyada siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi praktikasının mövcud olduğunu xatırladıb: “Mövcud qanunun özündə də dövlətin üzərinə düşən vəzifələr var, lakin yerinə yetirilmir”. Millət vəkili bildirib ki, dünya təcrübəsində partiyaların maliyyələşməsinin müxtəlif kriteriyaları var: “Əsasən parlament seçkilərində alınan səslərin və seçilən deputatların sayı əsas götürülür. Başqa kriteriyaların da götürülməsi mümkündür”.

Müsavatçı millət vəkili Arzu Səmədbəyli hesab edir ki, partiyalara ayrılmalı olan maliyyənin miqdarı nəyəsə söykənməlidir: “Havadan götürülmüş rəqəm olmama, bunun mexanizmi tapılmalıdır”. A. Səmədbəylinin sözlərinə görə, partiyalar dövlət büdcəsindən maliyyələşəcəksə, hakim partiya bunu kiməsə güzəşt, ənam kimi təqdim etməməlidir: “Bu, hakimiyyətin borcudur. Amma bu gün gedən söhbətlər o qədər də xoşagələn deyil. Mən düşünmürəm ki, bu məsələ yaxın gələcəkdə həll olunacaq. Çünki hakimiyyətin belə fikri olsa idi, dövlət büdcəsinin müzakirəsi zamanı nəzərə alınardı”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, “velosipedi yenidən kəşf etməyə” ehtiyac yoxdur. Onun sözlərinə görə, bütün dünyada partiyaların maliyyələşməsi zamanı parlament seçkilərinin nəticələri əsas götürülür: “Azərbaycanda yalnız deputatların sayı əsas götürülə bilməz. Çünki kimi istəyir, onu da parlamentə buraxırlar. Digər tərəfdən proporsional seçki sistemi yoxdur”. S. Cəlaloğlunun fikrincə, maliyyənin miqdarının müəyyən olunması zamanı partiyada əməkhaqqı hesablanmalıdır: “İndiki halda Azərbaycanda parlament seçkilərinin nəticəsi əsas götürülməli və minimum istehlak zənbili nəzərə alınmaqla maliyyələşməlidir”. S. Cəlaloğlu hazırda ADP-nin idarə olunması üçün aylıq minimum 15 min manatın tələb olunduğunu bildirib. “Bu məsələ ilə bağlı təkliflər hazırlamısınızmı” sualına partiya sədri “Məsələ parlamentin müzakirəsinə çıxarılan zaman ADP də öz təkliflərini irəli sürəcək” cavabını verib.

Yeni Azərbaycan Partiyasının icra katibini müavini Mübariz Qurbanlı APA-ya partiyaların dövlət büdcəsindən maliyyələşməsinin uzun müddətdir, ictimaiyyətdə müzakirə olunduğunu, fərqli təkliflərin irəli sürüldüyünü bildirib: “Bu məsələ ilə bağlı parlamentdə komissiya səviyyəsində də bəzi müzakirələr aparılıb. Bizim də öz təkliflərimiz var. Hesab edirik ki, partiyalara dövlət dəstəyi büdcədən müəyyən vəsaitin ayrılması ilə baş verməlidir. Bu vəsait diferensial qaydada seçkilərdə iştirak edib müəyyən səs toplamış partiyalar arasında bölüşdürülə bilər. Yəni partiyanın cəmiyyət tərəfindən müəyyən dəstəyə malik olub-olmaması əsas kimi götürülməlidir”. M. Qurbanlı YAP-ın aylıq xərcinin nə qədər olması ilə bağlı sualı konkret cavablandırmayıb: “Biz hər il iki dəfə partiyanın maliyyə hesabatını açıqlayırıq. Bütün rəqəmlər də bu hesabatlarda göstərilir”.

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucovun sözlərinə görə, artıq neçə ildir ki, partiya minimum maliyyə gücü ilə fəaliyyət göstərir. O bildirib ki, hazırda AMİP-in 64 rayon təşkilatı var və onların idarə olunması üçün xeyli pul lazımdır. Xüsusilə partiya qərargahlarının saxlanması, qərargahlardakı işçilərin əməkhaqlarının ödənməsi və müəyyən tədbirlərin keçirilməsi üçün maliyyənin lazım olduğunu bildirən Ə. Orucov hesab edir ki, AMİP-in bir aylıq xərci normal şərtlər daxilində 30-40 min manatdır.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da APA-ya bildirib ki, hazırda Müsavatın ciddi maliyyə çətinlikləri var və onlar öz işlərini minimum xərclərlə həyata keçirirlər: “Normal partiya fəaliyyəti üçün xeyli vəsait tələb olunur. Müxtəlif ölkələrdə müxtəlif təcrübələr var. Türkiyə və Polşada partiyalara milyonlarla dollar vəsait ayrılır. Gürcüstanda bu vəsait yüz min ətrafındadır. Azərbaycanın kifayət qədər ciddi büdcəsi var və maliyyələşmə üçün Gürcüstanda olduğundan daha artıq vəsait ayrılarsa, səmərəli ola bilər”. A. Hacılı partiyanın bir aylıq fəaliyyətinə tələb olunan məbləği açıqlamayıb: “Müxtəlif rəqəm ola bilər. Vəsait nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ona görə rəqəm demək çətindir”. A. Hacılı bildirib ki, məsələ ilə bağlı partiyanın təklifləri var və bu təklifləri əlavə və dəyişikliklər müzakirə olunan zaman Müsavat Deputat Qrupu tərəfindən parlamentdə qaldırılacaq. O, bununla bağlı partiya tərəfindən xüsusi bir layihənin hazırlanmasına ehtiyac olmadığını qeyd edib.

Partiyaların maliyyələşdirilməsində dünya təcrübəsindən istifadə olunmasını vacib sayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayevin fikrincə, bu zaman yalnız parlament seçkilərinin nəticələri əsas götürülməlidir: “Hazırda AXCP minimal xərclə idarə olunur, partiyanın fəaliyyəti məhdudlaşdırılıb. Partiyanın xərcləri barədə dəqiq rəqəm deyə bilmərəm, sadəcə partiya fəaliyyəti üçün o qədər də çox vəsait lazım deyil. Hər halda körpülərə xərclənən vəsaitlə müqayisədə bu, çox azdır”. F. Mustafayev bildirib ki, məsələ ilə bağlı partiyanın təklifləri mətbuatda səslənib: “Digər məsələlərlə bağlı da dəfələrlə parlamentə konkret layihələr təqdim etmişik, amma nəzərə alınmayıb. Prinsip etibarı ilə lazım gəlsə, partiyaların maliyyələşməsi ilə bağlı da layihə təqdim edə bilərik. Amma hesab edirik ki, bu gün qanunu dəyişdirməyə ehtiyac yoxdur, sadəcə, qanuna partiyaların maliyyələşdirilməsi ilə bağlı müddəa əlavə olunmalıdır”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da APA-ya partiyaların dövlət tərəfindən maliyyələşməsini vacib hesab edir. Onun sözlərinə görə, bu maliyyə parlament, bələdiyyə və prezident seçkilərində partiyaların iştirakı, topladıqları səs və tutduqları yerə uyğun olmalıdır: “Mən bu məsələdə dəqiq rəqəm söyləyə bilmərəm. Bütün parametrlər, ofis, kommunal xərclər, rayon-şəhər strukturlarının qərargahların saxlanılması, ştatlı işçilər nəzərə alınmalıdır. Burada konkret rəqəm söyləmək şüarçılıq ola bilər. Rəqəmi dəqiqləşdirmək üçün mütəxəssis rəyi olmalıdır”. Partiya sədri bildirib ki, qanun parlamentdə müzakirəyə çıxarılsa, KXCP də öz təkliflərini irəli sürəcək.

Bəs dünya praktikasında partiyaların maliyyələşməsi hansı şəkildə həyata keçirilir? Politoloq Rasim Musabəyov APA-ya bildirib ki, dünya praktikasında əksər halda partiyaların seçkilərdə iştirakı və aldığı seçici səsi əsas götürülür: “Bəzi hallarda parlamentdəki deputatların sayı əsas sayılır. Amma bu, ədalətsiz yanaşma hesab olunur. Çünki ola bilər ki, bir partiya bütün seçki dairələrində 49 faiz səs ala bilir, amma parlamentdə təmsil olunmur. Bu zaman o maliyyə dəstəyindən kənarda qalır. Ona görə də müasir dünyada daha çox partiyaların aldığı səslərin sayı əsas götürülür. Bir çox halda nəinki maliyyələşdirmə, ümumiyyətlə partiyanın mövcudluğu onun seçki prosesində iştirakından keçir. Partiya seçkilərdə iştirak edirsə, qeydiyyatını da saxlayır, dövlət büdcəsindən maliyyə dəstəyi də alır. Əgər partiya seçkilərdə iştirakdan boyun qaçırırsa, onun ictimai xidməti, dövlət qarşısında xidməti yoxdursa, heç bir maliyyələşmədən söhbət gedə bilməz”.

Azərbaycanda partiyaların maliyyələşməsində hansı formanın tətbiqinin daha əlverişli ola biləcəyinə gəlincə, R. Musabəyov fikrincə, bu məsələni partiyalarla müzakirə etmək lazımdır. Politoloq partiyaların çoxluğunun da problem yaratmayacağını düşünür: “Hər bir partiya qeydiyyatdan keçən kimi hökumətdən maliyyə alacaqsa, bu bir sıra partiyalar üçün sərfəli maliyyə qazancı olacaq. Belə yanaşma doğru olmaz. Qeydə alınan hər bir partiya zəhmət çəkib seçkilərə qoşulmalıdır. Çünki seçkiyə qoşulmaq müəyyən əziyyət tələb edir. Bu dövlət və cəmiyyət qarşısında xidmətdir. Həmin partiyanı cəmiyyət necə qiymətləndirəcəksə, o qiymətə uyğun da maliyyə dəstəyi alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR