Bank Of Baku

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqı təbrik edib

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqı təbrik edib
# 25 dekabr 2008 16:47 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrikdə bildirilir ki, ölkədə və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il təntənə ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Uzun illərdən bəri bütün dünyada yaşayan həmvətənlərimizi və soydaşlarımızı düşündürən dünya azərbaycanlılarının həmrəyliyi ideyası ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində dövlət siyasəti səviyyəsinə qaldırılıb və ardıcıl olaraq həyata keçirilib. Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir. 2006-cı ilin martında Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında qəbul edilmiş qərarların, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi diaspor quruculuğuna, milli-mənəvi və ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan verib”.

Dövlətin diaspor siyasətinin, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesinin özünün yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən dövlət başçısı soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirdiklərini bildirib: “Eyni zamanda, Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirilir”.

Prezident İ. Əliyev sosial-iqtisadi və siyasi yüksəliş dövrünü yaşayan Azərbaycan dövlətinin bütün resurslarını xalqın rifahının yüksəlməsinə və ölkənin beynəlxalq mövqelərinin güclənməsinə yönəltdiyini, dünyanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun getdikcə artığını qeyd edib.

Xalqın qarşısında duran başlıca problemin hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək olduğunu bildirən prezident İ. Əliyev Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin bu sahədə səylərini gücləndirməkdə davam edəcəklərinə, uğurlarımızın daha fəal təbliğ olunması və ölkənin müsbət imicinin möhkəmlənməsi qayğısına qalacaqlarına əminliyini ifadə edib: “Diasporumuz öz mütəşəkkilliyini və çevikliyini bir qədər də artırmalı, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməli, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməlidir”.

Dövlət başçısı həmvətənlərimizi daha sıx birliyə, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıb, bütün dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR