Bank Of Baku

Bakıda Mərkəzi Gömrük Hospitalı istifadəyə verilib

Bakıda Mərkəzi Gömrük Hospitalı istifadəyə verilib
# 26 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı-APA. Bakıda Mərkəzi Gömrük Hospitalı istifadəyə verilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində dövlət başçısı İlham Əliyev də iştirak edib. Mərkəzi Gömrük Hospitalı Dövlət Gömrük Komitəsinin strukturlarına əlavə edilməsi haqqında Azərbaycan Prezidentinin 2004-cü ildə imzaladığı fərmana uyğun olaraq, gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədi ilə inşa edilən ən müasir sağlamlıq ocağı sayılır. Dövlət başçısı əvvəlcə hospitalın foyesində Heydər Əliyevin müxtəlif dövrlərdə səhiyyə işçiləri ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət stendə baxıb. Daha sonra hospitalın fəaliyyəti ilə bağlı prezidentə geniş məlumat verilib.

Mərkəzi gömrük hospitalında quraşdırılmış avadanlıq əsasən Almaniyanın və digər Avropa ölkələrinin istehsalıdır. Mərkəzdə ilk dəfə olaraq dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunub. Burada hava üç dəfə təmizləndikdən sonra binaya verilir. Əməliyyat otağında, laboratoriyalarda, diaqnostika mərkəzində, intensiv terapiya şöbələrində H12 hepoboksid ultra filtr tətbiq olunub. Yeniliklərdən biri də pnevmatik ötürücü sistemin quraşdırılmasıdır. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də xəstələrin laborator analizlərinin təcili, 10-15 saniyə ərzində göndərilməsi təmin olunur. Hospitaldakı xüsusi proqram təminatı əməliyyatlar zamanı dünyanın istənilən ölkəsinin qabaqcıl tibb mərkəzləri ilə birbaşa telekörpü yaratmağa imkan verir. Yeni tibb ocağı üçün “Mercedes” markalı 5 ədəd avtomobil, səyyar hospital alınıb. Onun köməyi ilə səyyar vəziyyətdə xəstələrə istənilən tibbi yardım göstərmək mümkündür.

Prezident İlham Əliyev hospitalın ayrı-ayrı şöbələri ilə tanış olub, əməliyyat otaqlarındakı tibbi-texniki avadanlıqla maraqlanıb. Tibb işçilərini təbrik edən prezident İlham Əliyev onlara işlərində müvəffəqiyyətlər arzulayıb. Müasir sağlamlıq ocağının inşasına görə dövlət başçısına minnətdarlığını bildirən DGK sədri Aydın Əliyev hospitalın tikilib istifadəyə verilməsini gömrük orqanları əməkdaşlarına göstərilən yüksək diqqətin nümunəsi kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR