Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin açılışında iştirak edib
# 26 dekabr 2008 08:13 (UTC +04:00)
Bakı - APA. Dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Hava Limanı - Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısına məlumat verilib ki, 2007-ci ilin martından bu yolun yenidən qurulmasına başlanılıb. Burada 3 yol ötürücü tikilib. Ramana və Suraxanı qəsəbələri istiqamətində hərəkəti tənzimləyən körpü avtomobillərin magistral yoldan ayrılaraq həmin qəsəbələrə rahat getməsinə imkan verir.

“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Yol Əzizbəyov dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər isə 8 zolaqlıdır. Asfalt örtüyünün qalınlığı 27 santimetrdir. Piyadalar üçün 6 yerüstü keçid tikilib. Yol boyu avtomobillərin sürət həddini tənzimləmək üçün 8 yerdə elektron tablolar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması üçün drenaj sistemi qurulub, bununla əvvəllər yolboyu görünən gölməçələr qurudulub. Regionda ilk dəfə bu yolda qırmadaş-polimer asfalt-betondan istifadə edilib.

Bundan başqa, prezident İ. Əliyev Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Əvvəllər yan yollarla birlikdə magistralın eni 32 metr idi. İndi isə prospektin eni 45 metrə çatdırılıb, bəzi yerlərdə isə 55 metrdir. 1500 metr uzunluğunda istinad divarları çəkilib. Hazırda yol 10 hərəkət zolaqlıdır.

Dövlət başçısı Heydər Əliyev prospektində tunel yolun və yeraltı piyada keçidinin açılışına da qatılıb. Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, prospektin bu hissəsində aparılmış yenidənqurma işləri buradan keçən dəmir yol körpüsünün çıxacaq hissəsində təhlükəsizliyin təmin olunmasına imkan verir. Bundan əlavə, dəmir yolu bu istiqamətdə hərəkət edən avtomobillərə mane olmur. Əsas yola yardımçı olan bu tunel 2 zolaqlı və birtərəflidir. Eni 7 metr olan yoldan ən çox ətraf qəsəbələrin sakinləri istifadə edəcəklər. Mövcud tunelə paralel digər bir tunel isə gələn ilin martında istifadəyə veriləcək.

Yeraltı piyada keçidinin açılışında isə bildirilib ki, 4 ay ərzində aparılan yenidənqurma işləri nəticəsində 67 metr uzunluğu olan keçid tamamilə yeni görkəm alıb. Paytaxtda ilk dəfə bu keçidin çıxışı üzərinə şüşə örtük çəkilib. Keçid intensiv hərəkətin olduğu magistral yolda piyadaların rahat hərəkətini təmin edəcək.

Dövlət başçısına, həmçinin, məlumat verilib ki, Heydər Əliyev prospekti və Ağa Nemətulla küçəsinin kəsişməsində inşa olunan avtomobil tunelində işlər davam edir. Tunelin gələn ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Tunelin hündürlüyü 5 metr, eni 10 metr, uzunluğu 287 metr, hərəkət zolağının eni isə 8,5 metr nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR