Bank Of Baku

Milli Məclisdə “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin müzakirəsi başlayıb

Milli Məclisdə “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin müzakirəsi başlayıb
# 26 dekabr 2008 10:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, bəzi millət vəkilləri ölkədə enerji və təbii qaz təchizatında yaranan problemlər barədə danışıblar. Deputat İqbal Ağazadə deyib ki, son zamanlar qaz, işıq, istilik sistemində yaranan problemləri aradan qaldırmaq üçün addımlar atılmalıdır. Deputatlardan İltizam Əkbərli, Fazil Mustafa da bu barədə danışaraq problemin həlinin vacib olduğunu qeyd ediblər. F. Mustafa, həmçinin, siyasi partiyaların qərargahı məsələsinə toxunaraq deyib ki, Azərbaycanda əksər partiyaların qərargahsız olması anlaşılan deyil. Deputat təklif edib ki, dövlət tərəfindən partiyalara qərargah tikilməsi üçün 4 sot torpaq ayrılsın.

Deputat Qüdrət Həsənquliyev isə 450 şəxsin adından ona “Gen” MMC-nin vətəndaşları aldatması ilə bağlı müraciət daxil olduğunu deyib. Q. Həsənquliyev qeyd edib ki, vətəndaşları aldadıb pullarını mənimsəyən şəxslər həbs edilsələr də, aldanan vətəndaşlar evsiz qalıb. O, zərərçəkən vətəndaşlara heç olmasa torpaq paylanmasını təklif edib.

Millət vəkili Gülər Əhmədova isə Azərbaycan televiziyaları barədə çıxış edərək deyib ki, AzTV istisna olmaqla, digər kanallar insanların psixologiyasına, əxlaqına mənfi təsir edir.

Deputat Asim Mollazadə Türkiyədə həyata keçirilən ermənilərdən üzr istəmə kampaniyası barədə danışıb. A. Mollazadə deyib ki, bütün türk dünyası ermənilərdən Xocalı faciəsini törətdiklərinə görə, üzr istəmələrini tələb etməlidir. O, Azərbaycan Hərbi Prokurorluğunun indiyə kimi Xocalı ilə bağlı cinayət işini yekunlaşdırıb ortaya qoya bilmədiyini də qeyd edib. A. Mollazadə Azərbaycan Parlamentinin Avropa Cinayət Məhkəməsinə üzv olmasını və orada ölkə vətəndaşlarının ermənilər tərəfindən pozulan hüquqlarının müdafiə edilməsini təklif edib.

Deputat Zahid Oruc isə Ermənistandan Azərbaycana bir sıra məhsulların keçirilməsi barədə məlumatların olduğunu qeyd edərək deyib ki, əgər bu hal baş verirsə, buna imkan yaradanlar barəsində ölçü götürülməlidir.

Cari məsələlərin müzakirəsi başa çatandan sonra MM-in gündəliyindəki birinci məsələnin - “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin müzakirəsi başlayıb. Deputatlar layihə ətrafında fikirlərini səsləndirirlər. Parlamentin spikeri Oqtay Əsədov bununla bağlı 46 deputatın çıxışa yazıldığını deyib. Spiker deputatları diqqətli olmağa çağırıb. O. Əsədov deyib ki, burada söhbət Azərbaycan prezidentinin səlahiyyət müddətinin artırılmasından yox, Konstitusiyanın 29 maddəsinə təklif edilən əlavə və dəyişikliklərdən gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR