Bank Of Baku

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihədə referendumun vaxtı göstərilib

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı layihədə referendumun vaxtı göstərilib
# 26 dekabr 2008 11:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti təklif edilən Konstitusiya islahatlarının tərəfdarı olduqlarını bildiriblər.

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, Konstitusiyada islahatların aparılması ilə bağlı məsələ öncə siyasi partiyalarda, ən azı Yeni Azərbaycan Partiyasının Siyasi Şurasında müzakirə olunmalı idi. Deputat İqbal Ağazadə çıxışında bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasının əleyhinə olduğunu deyib. O bildirib ki, bu dəyişiklik hakimiyyətin qorunmasına xidmət edir, təklif zamanın deyil, YAP-ın tələbidir və demokratiyaya ziddir. Millət vəkili təklif edilən başqa bir dəyişiklik - 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə toxunaraq, bunun da dövlətin əleyhinə olduğunu deyib. İ. Ağazadə bildirib ki, bu sonradan Azərbaycanda olan etniklərin dövlətə qarşı çıxmalarına şərait yarada bilər. Deputat deyib ki, əgər Konstitusiyaya dəyişiklik edilirsə, o zaman orada azərbaycanlıların türk olduqları, türk dilinin dövlət dili olduğu qeyd olunmalı, proporsional seçki sistemi bərpa olunmalıdır.

Millət vəkili Astan Şahverdiyev isə Azərbaycanın dövlət himinin musiqisində və sözlərində qısaltma aparılması ilə bağlı Konstitusiyaya dəyişiklik edilməsini təklif edib. O bunu himinin sözlərinin və musiqisinin uzun olması ilə əlaqələndirib. A. Şahverdiyev vitse-spiker Bahar Muradova istisna olmaqla, Milli Məclisdə özü qarışıq heç bir deputatın himni oxumadığını da qeyd edib.

Millət vəkili Əli Əhmədov isə çıxışında ictimaiyyətin Konstitusiya islahatlarının təşəbbüskarı, tərəfdarı olduğunu vurğulayıb. Deputat bu dəyişiklik təklifinin demokratiyanın qorunmasına xidmət etdiyini bildirib: “Hesab edirəm ki, martın 18-də xalq bununla bağlı öz sözünü deyəcək”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində referendumun martın 18-də keçirilməsi əksini tapıb.

Referendum aktı ilə bağlı müzakirələr günün ikinci yarısında davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR