Bank Of Baku

Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub

Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub
# 27 dekabr 2008 20:12 (UTC +04:00)
Mərasimdə çıxış edən Azərbaycan prezidenti Muğam Mərkəzinin yaradılmasını çox böyük hadisə adlandırıb. Bu binanın təməlinin üç il öncə qoyulduğunu xatırladan ölkə başçısı binada müasirliklə qədim tarixin qovuşduğunu bildirib.
“Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşadıb, bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir” deyən prezident Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş muğam müsabiqələrinin keçirilməsinin böyük maraq doğurduğunu, gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda böyüməsinə xidmət göstərdiyini vurğulayıb: “Bizim gənclərimiz milli ruhda böyüməlidirlər. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün ən əsas milli dəyərlərimizdir. Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən məhrum olmuşduq, amma Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olub. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam vətənpərvərlik sənətidir, muğam sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir”.
Ölkə başçısı tarixi binaların bərpa olunduğunu, Bakıda yerləşən bütün teatrların, muzeylərin ən yüksək səviyyədə təmir edildiyini, yeni mədəniyyət ocaqları yaradıldığını da söyləyib.
“Biz bu gün 2008-ci ili böyük uğurlarla, böyük nəticələrlə başa vururuq. 2008-ci ildə Azərbaycan daha da sürətlə inkişaf etdi, öz mövqelərini daha da möhkəmləndirdi. Dünya miqyasında qazanılmış nüfuz və möhkəmlənmiş mövqelərimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir” deyən prezident bildirib ki, onun siyasəti xalqın iradəsi əsasında qurulub: “Bizim siyasətimiz açıqdır, aydındır və bir məqsədi güdür – Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, Azərbaycanda dövlətçilik prinsiplərini möhkəmləndirmək, Azərbaycanın hərtərəfli iqtisadi və sosial inkişafına nail olmaq və beynəlxalq mövqelərimizi möhkəmləndirmək. Bütün bunlara biz nail oluruq və uğurlu inkişafımız imkan verir ki, Azərbaycan daha da böyükaddımlarla irəliyə getsin”.

Prezident 2009-cu ildə nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra olunacağına əminliyini bildirib: “2009-cu il dünyada böyük narahatlıq doğurur. Dünyada hökm sürən maliyyə böhranı və iqtisadi böhran artıq öz mənfi təsirini göstərməyə başlayıb. Biz Azərbaycanı bu böhranın mənfi fəsadlarından maksimum dərəcədə qorumalıyıq. Ümumiyyətlə, həmişə olduğu kimi, ölkəmizi qorumalıyıq. Ölkəmizin həm siyasi, həm də iqtisadi maraqlarını qorumalıyıq, xüsusilə 2009-cu ildə. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və xaricdə baş verən proseslər istər-istəməz öz növbəsində Azərbaycana da təsir edə bilər.
Biz istər siyasi, istər iqtisadi müstəvidə həmişə çalışmışıq və hesab edirəm, buna nail olmuşuq ki, digər yerlərdə baş verən hadisələr Azərbaycana mənfi təsir göstərməsin. Biz öz ölkəmizdə gedən işlərlə məşğuluq. Bizi aparılan islahatlar, möhkəmlənən iqtisadiyyat, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması məsələləri düşündürür. Biz bu məsələlərin həlli ilə məşğuluq. Ancaq bununla bərabər, əlbəttə, 2009-cu ildə əlavə tədbirlər görülməlidir ki, Azərbaycan xalqı dünyanı bürümüş iqtisadi və maliyyə böhranını hiss etməsin. Bunu etmək üçün bizim imkanlarımız var, iradəmiz, düşünülmüş siyasətimiz var”.

Prezident deyib ki, 2009-cu ildə mədəniyyət sahəsində bütün nəzərdə tutulmuş məsələlər həll edilməlidir: “Azərbaycanda 2009-cu ildə bu sahəyə əlavə vəsait ayrılacaq. Təmirdə olan mədəniyyət obyektlərində işlərin yüksək səviyyədə başa çatması məsələləri həll olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR