Bank Of Baku

Müxalifət partiyalarının Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Avropa Şurasına göndərdiyi təkliflərə cavab verilməyib

Müxalifət partiyalarının Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Avropa Şurasına göndərdiyi təkliflərə cavab verilməyib
# 27 avqust 2007 12:30 (UTC +04:00)
Müsavat Partiyasının Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Avropa Şurasına göndərdiyi təkliflərə Şura tərəfindən heç bir cavab verilməyib. Bununla belə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aparılacaq danışıqlarda Müsavatın mövqeyinin nəzərə alınacağına ümid edirlər: “Çünki seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təkcə Müsavat Partiyasının yox, ümumilikdə, bütün müxalif qüvvələrin, həmçinin, Venesiya Komissiyasının da mövqeyidir”. A. Hacılı deyib ki, komissiyaların tərkibi dəyişməsə və formalaşma qaydası indiki vəziyyətdə qalsa, Müsavat Mərkəzi Seçki Komissiyasının formalaşmasında iştirak etməyəcək.
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov da APA-ya Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı partiya tərəfindən Avropa Şurasına ünvanlanmış müraciətə cavab verilmədiyini deyib. Buna baxmayaraq, o, AŞ tərəfindən paritet əsaslar təklifinin irəli sürülməsini müxalifətin mövqeyinin nəzərə alınması kimi qiymətləndirdiyini qeyd edib: “Biz hesab edirik ki, müzakirələr davam etdiriləcək və tələblərimiz nəzərə alınacaq”.
Ümid Partiyasının AŞ-yə ünvanladığı müraciətə də hələ cavab verilməyib. Partiyanın mətbuat xidmətinin rəhbəri Ənvər Əvəz APA-ya bildirib ki, AŞ-nin müraciətə cavab verməməsinə baxmayaraq, onlar təkliflərin müəyyən qisminin nəzərə alınacağını güman edirlər: “Çünki hazırkı qanunda bir sıra çatışmazlıq var və bunun aradan qaldırılması üçün dəyişikliyə ehtiyac var”. Ə. Əvəz seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı təklifin reallaşması ehtimalının az olduğunu da vurğulayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov isə APA-ya deyib ki, “Azadlıq” blokunun VK-ya ünvanladığı müraciətə cavab verilib. Onun sözlərinə görə, VK rəhbərliyi cavab məktubunda blokun təkliflərinin öyrənildiyini və sentyabrda Azərbaycan hökuməti ilə baş tutacaq danışıqlarda bu təkliflərin nəzərə alınacağını söyləyib. H. Kərimovun sözlərinə görə, bu təklif komissiyaların ədalətli formalaşmasında mühüm rol oynaya bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR