Bank Of Baku

Tomas Hammarberq: “Azərbaycana səfər etməkdə əsas məqsədim ölkəni insan haqları baxımından bütöv şəkildə dəyərləndirməkdir”

Tomas Hammarberq: “Azərbaycana səfər etməkdə əsas məqsədim ölkəni insan haqları baxımından bütöv şəkildə dəyərləndirməkdir”
# 30 avqust 2007 15:59 (UTC +04:00)
- Azərbaycana səfər etmək təşəbbüsü kimdən gəldi?
- Azərbaycana səfər etmək öz təşəbbüsümdür, lakin biz bununla ölkənizi digər üzv ölkələrdən ayırmırıq. Əslində, bütün Avropa Şurasına üzv dövlətlərə sistemli və ardıcıl səfərlər edilir, bu səfər də onun bir hissəsidir. Getdiyim hər ölkədə reallıqları görmək məqsədilə çalışıram ki, digər bölgələrdə, şəhərlərdə olum. Bu məqsədlə Azərbaycana səfərim zamanı Bakıdan başqa digər şəhərlərdə də olacağam. Çalışacağam ki, regionlarda xəstəxanalara, məktəblərə, həbsxanalara baş çəkim.
- Səfərdə əsas məqsəd nədir? Səfər zamanı Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı daha çox hansı sahələrə diqqət yetiriləcək?
- Səfərdə əsas məqsədim ölkəni insan haqları baxımından bütöv şəkildə dəyərləndirməkdir. Səfər zamanı ölkədə bütün sahələrdə insan haqlarının vəziyyəti ilə bağlı tam analiz aparmaq istəyirəm. Təbii ki, bu zaman bəzi sahələr prioritet olacaq, bəzi problemlərə daha çox diqqət yetiriləcək. Belə sahələrə misal olaraq, söz azadlığı, ədliyyə sisteminin fəaliyyəti, həbsxanalardakı vəziyyət və münaqişə səbəbilə ölkə daxilindəki qaçqın və məcburi köçkünlər məsələsini göstərə bilərəm. Mənim diqqət yetirəcəyim əsas məsələ insan hüquqlarının vəziyyətini qiymətləndirməkdir. Əslində elə ölkə yoxdur ki, orada insan hüquqları pozulmasın. Hər bir ölkədə problemlər fərqli olur. Bizim də əsas məqsədlərimizdən biri bu fərqləri müəyyən etmək və üzə çıxarmaqdan ibarətdir. Bundan başqa, səfər zamanı söz azadlığı məsələsinə xüsusi diqqət ayıracağıq. Yəni, bilmək istəyirik ki, Azərbaycanda jurnalistlərlə necə davranılır və ölkədə ümumiyyətlə söz azadlığı anlayışı necə başa düşülür?
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyonadək azərbaycanlının ən adi insani hüquqları kobudcasına pozulub, onlar ev-eşiklərindən didərgin düşüblər. Avropa Şurasının İnsan Haqları üzrə Komissarı kimi, buna münasibətiniz necədir? Didərgin azərbaycanlıların hüquqlarının bərpası üçün Avropa Şurası çərçivəsində hansı tədbirlər görülə bilər?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kommissarlıq olaraq bizim məqsədimiz hər hansı siyasi həll yolu tapmaq deyil. Biz Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş ayrı-ayrı fərdlərin hüquqları ilə maraqlanırıq və çalışacağıq ki, onların insan hüquqlarına hörmət olunsun. Bu səfərin məqsədi ayrıca olaraq Dağlıq Qarabağ münaqişəsini analiz etmək deyil. Sadəcə, bu məsələyə dair görüşlər zamanı bizə hansısa məlumat verilsə, biz çox məmnun olarıq. Bu, bizə münaqişəni daha yaxından anlamağa imkan yaradar.
- Avropa dövlətlərində digər ölkələrdən getmiş mühacirlərin, o cümlədən Azərbaycandan getmiş miqrantların hüquqları sistematik pozulur. Bundan başqa, bəzi ölkələrdə miqrasiya haqqında qanun sərtləşdirilib, bu isə miqrantların ciddi problemlərlə üzləşməsinə səbəb olur. Bu barədə Sizdə məlumat varmı? Bununla bağlı hansısa addımlar atmağı düşünürsünüzmü?
- İmmiqrasiya dair bizdə bir çox məlumat var. Bu məsələdə biz BMT-nin müvafiq departamenti, Fransada Qaçqınlar üzrə Ali Komissarlıqla və s. aidiyyəti strukturlarla müəyyən işlər aparırıq. Bir çox Avropa ölkəsində təkcə sığınacaq tapmaq hüququ problemi deyil, digər problemlər də üzə çıxarmışıq. Buna Avropa ölkəsinə gələn miqrantlara, sənədləri yerində olmayan şəxslərə fərqli yanaşılmasını göstərmək olar.
- Axısxa türklərinin repatriasiyası ilə bağlı Gürcüstan parlamentində qəbul olunan qanunda onların hüquqlarını məhdudlaşdıran müddəalar var. Məsələn, qanunda Axısxa türklərinin konkret öz yurd-yuvalarına deyil, Gürcüstanın digər bölgələrinə qayıtması nəzərdə tutulur. Qanunda həm də nəzərdə tutulur ki, Gürcüstana qayıtmaq istəyənlər 2009-cu ilin yanvarına kimi bunu etməlidirlər, əks halda buna imkan verilməyəcək. Yəni, konkret vaxt qoyulub...
- Mən bu problemi yaxından izləyirəm və bu məsələni Gürcüstan hökuməti qarşısında qaldırmışam. Axısxa türklərinin repatriasiyası haqqında qanunun Gürcüstan parlamentində qəbul olunmasında müəyyən rolumuz olub. Düzdür, təəssüflə qeyd etməliyəm ki, bu qanun tam istədiyimiz kimi ideal deyil, bununla belə, hesab edirəm ki, bu qanun layihəsi Axısxa türklərinin öz yurd-yuvalarına qayıtmalarına xidmət edəcək.
- Ermənistana səfər edəcəksinizmi?
- Ermənistana bu dəfə səfər etməyi nəzərdə tutmasam da, ümumilikdə, bu ölkəyə baş çəkmək planlarıma daxildir. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR